“Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı üçtərəfli məsləhətləşmələrə hazırlaşır və əldə olunmuş razılaşmaların yazılı şəkildə təsbit olunmasının tərəfdarı olduğunu deyib”.
Bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstinə səfəri zamanı söyləyib.
Onun sözlərinə görə, bu razılaşmalar, xüsusən də terror təşkilatlarına dəstək verilməməsi və müdafiə təchizatına qoyulan embarqonun ləğvi ilə bağlıdır.
Maraqlıdır, Türkiyənin hər iki ölkənin NATO-ya daxil olması ilə bağlı bir növ razılıq qismində açılqmalar verməsi Rusiya ilə münasibətlərə hansı şəkildə təsir edə bilər? Ümumiyyətlə, hər iki ölkənin yaxın zamanlarda üzvlüyünün təsdiqi gözlənilirmi?
Mövzu ətrafında Sfera.az-a danışan “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri Samir Hümbətov Rusiyanın Türkiyə ilə münasibətlərini pozmayacağını deyib:
“Türkiyə əvvəldən də Finlandiya və İsveçin NATO-ya üzv olmasına qarşı olduğunu deməyib. Türkiyə tərəfi onlara qarşı olan sanksiyaların ləğv edilməsini, terror təşkilatlarının blok edilməsini tələb edib. Bunlar normal məsələlərdir. Müttəfiq olmaq istəyən hər bir dövlət bu kimi öhdəlikləri yerinə yetirməlidir. Dünən İsveçin baş nazirinin verdiyi açıqlamadan da bəlli olur ki, İsveç və Finlandiya yavaş-yavaş Türkiyə ilə razılaşmağa çalışırlar. Türkiyə bu məsələdə öz maraqlarını qoruyur və düşünmürəm ki, hər iki dövlətin NATO-ya üzvlüyünə görə Rusiya Türkiyə ilə münasibətlərini pozsun. Çünki Rusiya indi elə bir həssas məqamdadır ki, hansısa dövlətlə əlaqələrini pozmaq istəməz. Türkiyə Rusiyanın siyasi və iqtisadi mənada ən güclü tərəfdaşlarından biridir. Onlar Suriya, Liviya və Qarabağda birgə fəaliyyət göstərirlər. Hər iki ölkənin 30 milyard dollardan artıq ticarət əlaqələri var”.
Ekspert İsveç və Finlandiyanın PKK-a dəstək olmayacağını da bildirib:
“Rusiya özü də bildirmişdi ki, İsveç və Finlandiyanın NATO-ya üzv olmasının Rusiya üçün təhlükəsi yoxdur. Bundan yola çıxaraq demək olar ki, Türkiyənin bu xüsusda razılığı ikitərəfli münasibətlərə təsir etməyəcək. Türkiyə öz maraqlarını güdür. Düşünürəm ki, Türkiyənin tələbləri yerinə yetirilərsə, üzvlüyün təsdiqliyi mümkün ola bilər. Finlandiya və İsveç isə öz təhlükəsizliyini qorumaq üçün PKK-a dəstək verməyəcək”.