Türk dünyasında inteqrasiyasının dərinləşdirilməsi istiqamərində əməli addımlar atılır. Bu il türk dünyası ölkələrinin ortaq əlifbasının yaradılması istiqamətində işlər görülüb. Bu gün isə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ortaq himninin hazırlandığı barədə xəbərlər yayılıb.
Qeyd edək ki, ortaq dil, tarix və ənənələrə dayanan, ildən-ilə daha da güclənən Türk Dövlətləri Təşkilatı türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formalarda inkişafına mühüm töhfə verib, bütövlükdə türk dünyası dövlətləri arasında inteqrasiyanı sürətləndirib, nüfuzlu bir təşkilat kimi beynəlxalq təşkilatlar sırasına öz adını daxil etməyə müvəffəq olub.
TDT-yə üzv ölkələr arasında iqtisadi əlaqələrin güclənməsi də hər zaman aktual məsələlərdin biri hesab edilib. Orta əlifba və himinin hazırlanması barədə xəbərlərdən sonra Türk dünyası üçün ortaq valyutanın yaradılması da gündəmdədir.
Sabiq deputat Vahid Əhmədov bildirib ki, Türk Dövlətləri Təşkilatı kimi təşkilatların qurulması çox uzun gedən prosesdir: “TDT-nin yaranması çox önəmli addım oldu. Bu təşkilat gələcəkdə Avropa İttifaqı kimi böyük bir təşkilata çevrilə bilər. Bu təşkilatın istehsalı, ümümi daxili məhsulu çox yüksəkdir. Burada kifayət qədər qüvvətli dövlətlər təmsil olunur”.
O, türk dünyası üçün vahid valyutanın yaradılması təklifini istisna etməyib: “Eyni zamanda bu təşkilat varsa emblemi, gerbi də olmalıdır. Digər məsələlər də həyata keçirilməlidir. Təşkilatın yaradılmasının əsas ideya müəllifləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğandır. Ona görə də hesab edirəm ki, TDT-nin perspektivi çox böyükdür, amma kənardan təzyiqlər olmasa. Belə böyük birliyin yaranmasına hegemon dövlətlər qısqanclıqla baxır. Mən deyərdim ki, TDT yarandığı gündən böyük işlər görüb. Burada da əsas xidmət Azərbaycan və Türkiyə Prezidentlərinindir”.
Deputat Vüqar Bayramovun sözlərinə görə, əvvəlcə əlifbanın, sonra himnin yaradılması ilə bağlı müzakirələr türk dövlətlərinin iqtisadi baxımdan inteqrasiyasına imkan yaradır: “Türk dövlətləri praktik olaraq regional və bir sıra məsələlərdə qlobal təsiri olan dövlətlərdir və artıq türk dövlətlərinin ümumdaxili məhsulu praktik olaraq 1.5 trilyon dollardan artıqdır. Bu da ondan xəbər verir ki, iqtisadi baxımdan türk dövlətləri regional gücdür.
Mədəni və elmi sahədə əməkdaşlıq həm də iqtisadi sahədə inteqrasiya üçün imkanlar yaradır. Bu və türk dövlətlərinin iqtisadi gücünün əlaqələndirilməsi bu istiqamətdə daha çox proqramların və birgə investisiya layihələrinin həyata keçirilməsinə imkan verir. Bütövlükdə bunlar bir daha təsdiq edir ki, türk dövlətlərinin inteqrasiyası və daha ciddi iqtisadi gücə çevrilməsi prioritetdir”.