“Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü” başa çatıb – FOTOLARbackend

“Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü” başa çatıb - FOTOLAR

Bakıda keçirilən “Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü” başa çatıb. Zirvə Görüşündə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsinin kordinatoru Vüqar Oruc, Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsinin kordinatoru Marat Baytokov, Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov, Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin üzvləri, Türkiyə, Özbəkistan Qiymətləndirmə Birliklərinin təmsilçiləri iştirak edib.

Aprelin 28-də Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etməklə başlayan Zirvə Görüşü “Atlas Plaza”nın konfrans zalında davam edib. Tədbirdə giriş nitqi söyləyən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsinin kordinatoru Vüqar Oruc bildirib ki, türk dövlətləri arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub və bu qurumun təsis olunması qardaş ölkələr arasında təmasların artırılmasına, peşəkar münasibətlərin inkişafına xidmət edir: “Bu gün qəbul edilən sənədlər tarixi əhəmiyyətə malikdir. Növbəti mərhələdə 1-3 iyun tarixlərində Qazaxıstanda birliyimizin təsisi ilə bağlı qərar qəbul ediləcək. Bununla Türk Dövlətləri Qiymətləndiricilər Birliyini elan edəcək və bu istiqamətdə rəsmi fəaliyyətə başlayacağıq. Bu günkü zirvə həmin həmin toplantıya hazırlıq məqsədi daşıyır. Üzrlü səbəblərə görə bu tədbirə qatılmayan Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistan da Birlikdə təmsil olunmaq barədə məktub ünvanlayıb. Məqsədimiz türk dövlətlərində qiymətləndirmə fəaliyyətinə töhfə verməkdir. Bu addımlarla qardaş dövlətlərdəki həmkarlarımızın təcrübələrini öyrənirik, onlarla əməkdaşlıq istiqamətində danışıqlar aparırıq. Azərbaycan qiymətləndiriciləri Türkiyədəki qiymətləndirmə şirkətləri ilə də əməkdaşlıq müqavilələri imzalayıb. AQC-yə daxil olan şirkətlərə tövsiyə etmişik ki, Türkiyədə və digər türk dövlətlərində olan şirkətlərlə əməkdaşlığa start versinlər, təcrübə mübadiləsi aparsınlar” – Vüqar Oruc söyləyib.

Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci bundan sonra türk dövlətlərindəki qiymətləndiricilərin əlaqələrinin daha da güclənəcəyini qeyd edib: “Qiymətləndirmə maliyyə və bank sektorunun təməlini formalaşdırır. Ona görə də burda addımların düzgün atılması maliyyə, bank və ticarət sektoru üçün vacibdir. Türkiyənin bu istiqamətdə böyük təcrübəsi var. Bu təcrübəni qardaş dövlətlərlə də paylaşacağıq. Düşünürəm ki, rəsmi birliyimizin yaradılması bu əlaqələri daha da gücləndirəcək”.

Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsinin kordinatoru Marat Baytokov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov yeni yaranan qurumun əhəmiyyətindən söz açıblar. Natiqlər qeyd ediblər ki, türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığın inkşafında mühüm mərhələ olan birliyin təsis olunması ilə münasibətlər peşəkar müstəviyə keçəcək.

Daha sonra yekdilliklə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Nizamnaməsi qəbul edilib. Eyni zamanda Qazaxıstanın Qiymətləndiricilər Palatası ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC),  Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Özbəkistan Qiymətləndiricilər Cəmiyyəti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Qırğızıstan Qiymətləndiricilər İttifaqı arasında Anlaşma Memorandumu imzalanıb. Qeyd edək ki, analoji müqavilə bir müddət öncə İstanbulda Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə  Türkiyə Dəyərləmə Uzmanları Birliyi arasında ratifikasiya olunub. Hindistan Qiymətləndirmə Birliyi ilə imzalanan müqavilə ilə birlikdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) beş ölkə ilə münasibətlərini rəsmiləşdirmiş olub.

Tədbirdən sonra türk dövlətləri qiymətləndirmə birliklərinin sədrlərinin və rəsmilərinin iştirakı ilə İqtisadiyyat Nazirliyinin rəhbərliyi arasında görüş baş tutub. Qonaqlarla birlikdə İsmayıllı rayonuna turist səfəri təşkil olunub. Qardaş ölkələrdən olan qonaqlara Azərbaycanın əsrarəngiz güşələri, mədəniyyət nümunələri barədə ətraflı məlumat verilib.

 

  •  (6)
  •  (0)