Səfər “Anadolu Jet” şirkətinin dəstəyi iləbaş tutub
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Ictimai Birliyinin (TÜİB) reallaşdırdığı «Qardaş Ailə» layihəsi çərçivəsində Qarabağ döyüşlərində vətən uğrunda canından keçən daha bir şəhidin ailə üzvləri Türkiyəyə səfər edib.
«Tək Millət, Tək Ürək» Beynəlxalq Humanitar yardım Platformasının bir hissəsi olan «Qardaş Ailə» layihəsi azərbaycanlı və türk şəhid ailələrini bir araya gətirərək, var olan qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Layihə çərçivəsində İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına şəhid olan Əhmədağa İskəndərovun ailə üzvləri- anası, yoldaşı və övladı İsparta şəhərinə yola salınıb.
Qeyd edək ki, şəhid Əhmədağa İskəndərov 20 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. “Vətən Müharibəsi”-nin ilk günlərindən cəbhədə dövlətimizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşən Əhmədağa İskəndərov 07.10.2020-ci il tarixində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Isparta Uygulamalı Bilimler Universitetinin ev sahibliyi ilə həyata keçirilən səfər zamanı,TÜİB Təhsil və Mədəniyyət komissiyasının sədri Ragıp Sarının iştirakı ilə ailəni Isparta Valisi cenab Aydın Baruş, Bələdiyyə sədrinin müavini Fahrettin Gözgün, İsparta Terrorla Mübarizə Təhsil və Təlim Mərkəzinin Komandiri Polkovnik Mustafa Kahraman, Jandarma Alay Komandiri Jandarma Kıdemli Albay Sabri Küyük, Isparta Uygulamalı Bilimler Universitetinin rektoru Prof Dr. Yılmaz Çatal ve Türkiye Harp Malülü Gaziler Şehit Dul ve Yetimleri Dərnəyinin sədri Ali Savcı hörmət və ehtiram göstərərək qəbul edib, xatirə hədiyyələri təqdim edib.
Səfər zamanı şəhid Əhmədağa İskəndərovun ailəsi Afrin şəhərində Türkiyə Şəhidi olan Çavuş Əli Yılmazın ve Oğuz Kabayelin ailəlerini ziyarət edib. Ziyarət zamanı şəhid anaları qəhrəman oğullarının həyat hekayəsini bölüşüb və duyğu dolu anlar yaşanıb.
Həmçinin ailə Ispartanın mədəni, turistik və tarixi abidələrini ziyarət edib, şəhər və onun tarixi ilə tanış olub.