ABŞ Prezidenti Donald Tramp cümə axşamı, fevralın 6-da Qəzzada hərbi cinayətlərə görə İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə order verdiyinə görə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) sanksiya tətbiq edən Sərəncam imzalayıb.
Hokm.az xəbər verir ki, Tramp bu sənəddə BCM-i “Amerika və yaxın müttəfiqimiz İsraili hədəf alan qeyri-qanuni və əsassız hərəkətlərdə” ittiham edib. O, məhkəmənin İsrail və ABŞ-a qarşı hərəkətlərinin təhlükəli nümunə yaratdığını, Amerika personalını təqib, sui-istifadə və həbs riski ilə üz-üzə qoyduğunu iddia edib.
Tramp qeyd edib: “Bu bədxah davranış, öz növbəsində, Birləşmiş Ştatların suverenliyini pozmaqla təhdid edir və ABŞ hökumətinin və müttəfiqlərimizin, o cümlədən İsrailin kritik milli təhlükəsizlik və xarici siyasət kursuna xələl gətirir”.
Sərəncama əsasən, ABŞ milli maraqları əsas gətirərək, BCM rəsmilərinə əhəmiyyətli cəzalar, o cümlədən aktivlərin dondurulması, onların və ailələrinin ölkəyə girişinə qadağalar tətbiq edilə biləcək.
Yanvarda Trampın inaqurasiyasından sonra Nümayəndələr Palatası BCM-ə sanksiya tətbiq edən Qanun layihəsini təsdiqləsə də, Senat yanvarın 28-də onu gündəliyə daxil etməyib.
Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant ötən ilin noyabrında Haaqa məhkəməsi tərəfindən Qəzza zolağında hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunaraq həbs qərarı ilə üzləşiblər. İsrail, həmçinin anklavda apardığı müharibəyə görə Beynəlxalq Ədalət Məhkəməsində soyqırımı ittihamı ilə qarşılaşıb.
Tramp əlavə edib ki, BCM-in ABŞ və ya İsrail üzərində yurisdiksiyası yoxdur, çünki onlar Roma Statutunu təsdiq etməyib və həmin məhkəmənin üzvü deyillər.