ABŞ prezidenti Donald Tramp Amerika və onun müttəfiqləri, o cümlədən İsrailə qarşı apardığı araşdırmalara görə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) maliyyə sanksiyaları tətbiq edən sərəncam imzalayıb.
Hokm.az “Foks Nyus”a istinadən xəbər verir ki, sərəncama görə, Beynəlxalq Cinayət Məhkəməsi “ABŞ və İsrailə qarşı qanunsuz və əsassız hərəkətlər edib”.
Sənəddə deyilir: “Beynəlxalq Cinayət Məhkəməsi hüquqi əsası olmadan ABŞ və onun bəzi müttəfiqlərinə, o cümlədən İsrail personalına qarşı ilkin istintaqa başlayıb. Daha sonra İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri üçün əsassız həbs orderləri verməklə səlahiyyətlərindən sui-istifadə edib”.
Həmçinin vurğulanır ki, BCM-nin ABŞ və ya İsrail üzərində yurisdiksiyası yoxdur, çünki bu ölkələrin heç biri Roma Statutunun tərəfi və ya məhkəmənin üzvü deyil. Mətndə deyilir: “Heç bir ölkə heç vaxt Beynəlxalq Cinayət Məhkəməsibub yurisdiksiyasını qəbul etməyib və hər ikisi müharibə qanunlarına ciddi şəkildə əməl edən hərbçilərə malik çiçəklənən demokratik ölkələrdir”.
Sənəd ABŞ vətəndaşlarına və onların müttəfiqlərinə, habelə həmin şəxslərin ailə üzvlərinə qarşı BCM-nin araşdırmalarını dəstəkləyən məhkəmə məmurlarına maliyyə sanksiyaları və viza məhdudiyyətləri tətbiq edir.