Tramp administrasiyası ilə dialoqa hazırıq – İran prezidentibackend

Tramp administrasiyası ilə dialoqa hazırıq – İran prezidenti

İran prezidenti Məsud Pezeşkian ABŞ-ın nüvə sazişi (JCPOA) ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və əsas məqsədlərinin İran hökumətini devirmək olduğunu bildirib.

Hokm.az xəbər verir ki, prezident Pezeşkian Amerikanın NBC News telekanalına müsahibəsində Vaşinqton administrasiyasını ittiham edib.

İranın Tramp administrasiyası ilə dialoqa hazır olduğunu qeyd edən Pezeşkian deyib:

“Məsələ dialoqun özü deyil, dialoqlar nəticəsində ortaya çıxan öhdəliklərdir və bunlara əməl edilməlidir; İran nüvə proqramını böyük güclərlə müzakirə edərkən, biz verməli olduğumuz bütün öhdəlikləri yerinə yetirdik, amma təəssüf ki, vədlərini və öhdəliklərini yerinə yetirməyən qarşı tərəf oldu. Nə qədər dialoq və danışıqlar aparsaq da, onların məqsədinin problemləri həll etmək deyil, İran hökumətini devirmək olduğunu görürük”.

Pezeşkian bəyan edib ki, İran hətta ABŞ prezidenti Donald Tramp administrasiyası ilə də dialoqa açıqdır.

ABŞ-ın 2018-ci ildə Donald Tramp administrasiyası ilə nüvə sazişindən birtərəfli qaydada çıxmasını tənqid edən Pezeşkian bu addımın beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd olduğunu bildirib.

Pezeşkian vurğulayıb ki, İran bütün öhdəliklərinə sadiqdir, lakin ABŞ və Avropa vədlərinə əməl etməyiblər.

“Biz müharibədən qorxmuruq, amma müharibə də istəmirik”.

İranın dinc nüvə proqramına davam edəcəyini və mümkün hücuma hazır olduğunu qeyd edən Pezeşkian, “Biz müharibə istəmirik, lakin obyektlərimizə hücum olarsa, cavab verməkdən çəkinməyəcəyik. İnanırıq ki, belə bir münaqişə təkcə İran üçün deyil, bütün tərəflər üçün zərərli olacaq” deyib.

Pezeşkian İranın nüvə silahı hazırlaması ilə bağlı ittihamları rədd edərək deyib ki, Qərb ölkələri bu iddialardan İrana qarşı düşmənçilik hərəkətlərini qanuniləşdirmək üçün istifadə edir.

  •  (0)
  •  (0)