Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu akkreditasiyadan keçib – Fotolarbackend

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu akkreditasiyadan keçib – Fotolar

“Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs Ali Attestasiya Komissiyasında (AAK) akkreditasiyadan keçib.

“Hokm.az” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyində keçirilən tədbirdə “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsə akkreditasiya haqqında şəhadətnamə təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, son illər Prezident İlham Əliyevin ölkəmizdə qeyri-neft sektoruna göstərdiyi yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Müasir dövrdə aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsi və elmi-texniki tərəqqinin aqrar sahəyə tətbiqi ən mühüm prioritetlərdən sayılır. Kənd təsərrüfatında elm və innovasiyaların tətbiqinin genişləndirilməsi, aqrar sahədə aparılan tədqiqatlar məhsuldarlığın yüksəldilməsi və davamlı inkişafın təmin edilməsində mühüm amillərdən biridir. Elmi potensialdan, müasir yanaşmalardan  səmərəli istifadə olunması effektiv nəticələrin əldə edilməsi, ölkədə elmi əsaslı innovativ təsərrüfatların yaradılması prosesini daha da sürətləndirir.

Prezident yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev akkreditasiyanın keçirilməsi proseduru, bununla bağlı normativ-hüquqi aktların ölkədə aparılan islahatlar çərçivəsində təkmilləşdirilməsi, bu sahədə komissiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Professor akkreditasiya prosesinin müəssisələrdə elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi proqramların və elmi tədqiqatların səmərəliliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycan Respublikasının “Elm haqqında” Qanunun 24-cü maddəsi və “Elmi təşkilatların akkreditasiyadan keçirilməsi qaydaları”na əsasən “Elmi təşkilatların doktorantura hazırlığı üzrə Akkreditasiyadan keçirilməsi” layihəsi əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti 28 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsinin akkreditasiyadan keçirilməsi barədə qərar qəbul edib.

Daha sonra “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin akkreditasiyası haqqında şəhadətnamə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədova təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən yaradılmış işçi qrupu tərəfindən İnstitutda bütün istiqamətlər üzrə müvafiq monitorinqlər aparılıb. Bu monitorinqlər elm, istehsalat, kadr hazırlığı, maliyyə menecmenti, maddi-texniki baza, bütün növ hüquqi və elmi sənədləşmənin vəziyyəti, laborator xidmətlər və tədqiqatlar və digər istiqamətləri əhatə edib. Monitorinqlərin nəticəsi olaraq 11 bənddən ibarət tövsiyələr İnstituta təqdim edilib və bu işlərin icrası üçün 2 il möhlət verilib. Ötən dövr ərzində bütün bəndlər üzrə işlər tam olaraq icra olunub.

2024-cü ilin noyabr ayında təkrar monitorinqlər zamanı bütün işlərin yüksək səviyyədə yerinə yetirildiyi işçi qrupu tərəfindən müəyyən edilib və bütün təsdiqedici sənədlər Ali Attestasiya Komissiyasına təqdim edilib. AAK-nın Rəyasət Heyətinin iclasında “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin akkreditasiyadan keçirilməsi və müvafiq şəhadətnamənin verilməsi barədə qərar qəbul olunub.

 





  •  (1)
  •  (0)