Tənzilə Narbayeva: Bu gün ölkələrimiz qlobal qeyri-sabitlik şəraitində ciddi çağırış və təhdidlərlə üzləşirbackend

Tənzilə Narbayeva: Bu gün ölkələrimiz qlobal qeyri-sabitlik şəraitində ciddi çağırış və təhdidlərlə üzləşir

Plenar iclasın mövzusu bütün iştirakçılar üçün son dərəcə aktualdır. Bu gün ölkələrimiz qlobal qeyri-sabitlik şəraitində ciddi çağırış və təhdidlərlə üzləşir. Bu problemlərin effektiv həlli regional əməkdaşlığın və qarşılıqlı dəstəyin gücləndirilməsini tələb edir.

Hokm.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclis Senatının sədri Tənzilə Narbayeva Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı bildirib.

Özbəkistan Ali Məclis Senatının sədri qeyd edib ki, Mərkəzi Asiyada inteqrasiya proseslərinə xüsusi diqqət yetirilir. Bu proseslər təkcə regionda deyil, bütövlükdə dünyada sülhün və sabitliyin möhkəmləndirilməsinə xidmət edir.

Tənzilə Narbayeva bildirib ki, Özbəkistanın təşəbbüsü ilə aprelin 5-9-da Daşkənddə Parlamentlərarası Birliyin 150-ci Yubiley Assambleyası keçiriləcək. O, fürsətdən istifadə edərək, bütün həmkarlarını bu əlamətdar parlament tədbirinə dəvət edib. Senat sədri əmin olduğunu bildirib ki, Daşkənd Assambleyası ölkələrimizin davamlı inkişafının təmin edilməsində parlamentlərin rolunun gücləndirilməsinə mühüm töhfə verəcək.

“Biz hesab edirik ki, təşkilatımız çərçivəsində siyasi və təhlükəsizlik məsələləri üzrə sistemli dialoqu davam etdirmək və ümumi maraqlarımıza əsaslanan beynəlxalq problemlər üzrə vahid və aydın mövqeyi fəal şəkildə təbliğ etmək məqsədəuyğundur. Parlament diplomatiyası dövlətlər arasında etimadın möhkəmləndirilməsinin əsas mexanizmlərindən biri kimi münaqişələrin qarşısının alınmasında mühüm rol oynamalıdır. Eyni zamanda, parlamentlər yüksək səviyyədə əldə edilmiş razılaşmaların səmərəli həyata keçirilməsi üçün hüquqi çərçivə yaratmalı və qanunvericilik təcrübəsi mübadiləsində fəal iştirak etməlidirlər”, – deyə Tənzilə Narbayeva əlavə edib.

  •  (0)
  •  (0)