Azərbaycanda minimum əməkhaqqı və pensiyaların, eləcə də bir sıra müavinətlərin artırılması məsələsi gündəmdədir. Prezident İlham Əliyev həm VII çağırış Milli Məclisin ilk iclasında, həm də iqtisadi komandanın iclasında minimum pensiya və əmək haqlarının qaldırılması ilə bağlı tapşırıqlar verildiyini bildirib.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanaraq noyabrın 1-dək təqdim ediləcək. Qeyd edək ki, artımlarla bağlı təkliflərin gələn ilin əvvəlində həyata keçiriləcəyi gözlənilir.
Bunlarla yanaşı tələbə təqaüdlərinin artırılacağı barədə də xəbərlər yayılıb. Azərbaycanda tələbələrin təqaüdləri sonuncu dəfə 2023-cü ilin əvvəlində artırılıb. Belə ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılıb.
Məsələ ilə bağlı Modern.az -a danışan Milli Məclsin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, həm təqaüdlərin, həm də sosial müavinətlərin artırılması cənab Prezidentin səlahiyyətinə aid məsələdir:
“Cənab Prezident tərəfindən minimum əməkhaqqı və minimum pennsiyaların qaldırılması ilə bağlı göstəriş verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütövlükdə minimum əməkhaqqı və minimum pensiyanın artırılması ilə əlaqədar təkliflər hazırlanır. Təkliflərin ayın sonuna qədər digər dövlət orqanlarına təqdim olunacağı gözlənilir. Təbii ki, həm təqaüdlərin, həm də sosial müavinətlərin artırılması cənab Prezidentin səlahiyyətinə aid məsələdir. Son illər bu istiqamətdə artımların həyata keçirildiyini nəzərə almalıyıq. Praktiki olaraq minimum əməkhaqqı və minimum pensiya ilə yanaşı tələbələrin təqaüdü, o cümlədən, təbii ki, müavinətlərdə də artımlar müşahidə olunur. Ona görə də bu istiqamətdə hansı addımların atılacağı məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflərin hazırlanıb təqdim olunmasından sonra məlum olacaq”.
Deputat vurğulayıb ki, sosial paketin dərinləşməsi gözlənilir:
“2025-ci ilin dövlət büdcəsindən sosial sferaya bütövlükdə ayrılan vəsaitin həcmində 14 faiz artım olacaq. Yəni gələn il dövlət büdcəsindən sosial istiqamətə 4 milyar 988 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Dövlət büdcəsinin 45 faizi sosial xərclər olacaq. Həm rəsmi rəqəmlər, həm də büdcədə xərclərin sosial ayrımlarının strukturları göstərir ki, növbəti ildə biz sosial paketin dərinləşməsini müşahidə edəcəyik”.
Xatırladaq ki, hazırda Azərbaycanda tələbə təqaüdləri aşağıdakı kimidir:
1. Doktorantura pilləsi üzrə:
– elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 (dörd yüz) manat;
– fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 (iki yüz qırx) manat.
2. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
– magistratura səviyyəsi üzrə:
– akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 (yüz doxsan beş) manat;
– akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;
– akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;
– bakalavriat səviyyəsi üzrə:
– akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 (yüz yetmiş beş) manat;
– akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 (yüz qırx beş) manat;
– akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 ( bir yüz) manat.
3. Orta ixtisas təhsili müəssisələrində:
– akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 (bir yüz) manat;
– akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 (səksən) manat;
– akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 (altmış altı) manat.