Son günlər Azərbaycanda benzinin və dizelin bahalaşması sosial şəbəkələrdə böyük müzakirələrə yol açıb.
Hokm.az xəbər verir ki, yazılanlara görə, yanacağın bahalaşması bir çox məhsulların, xüsusən də çörəyin qiymətində artıma səbəb olacaq.
Çünki yanacağın bahalaşması birbaşa olmasa da, dolayı yolla sahibkarların əlavə xərcə düşməsinə səbəb olur. Yəni istehsal olunan çörəyin və ya digər məhsulun daşınması üçün çəkilən xərclər istər-istəməz artır. Bununla da, sahibkar məcbur olacaq ki, istehlakçıya satdığı çörəyin qiymətini ya bahalaşdırsın, yaxud da onun çəkisini azaltsın.
Çörəyin çəkisinin azalması da dolayı yolla məhsulun qiymətinin artırılması deməkdir.
Qeyd edək ki, çörək strateji məhsul olduğu üçün dövlət nəzarətindədir. Lakin onun qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmir.
Bəs ölkədə nəzarətdə olan məhsul və xidmətlərdən hansı bahalaşacaq?
Suala cavab öyrənmək üçün Tarif (qiymət) Şurası ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymətində bahalaşma nəzərdə tutulmayıb. “Bu barədə hələlik müzakirə aparılmır”, – deyə qurumdan bildirildi.
Xatırladaq ki, Tarif (qiymət) Şurası tərəfindən aşağıdakı xidmət və məhsulların qiyməti tənzimlənir.
- Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri
- Təbii qazın emal, nəql, topdansatış və pərakəndə satış tarifləri
- İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər
- Universal poçt rabitəsi xidmətlərinin tarifləri
- Rabitə xidmətlərinin tarifləri
- Elektrik enerjisinin tarifləri
- Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri
- Neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri
- Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri
- Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tarifləri
- “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tarifləri
- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tarifləri
- Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tarifləri
- Baş Dövlət Yol Polisi İdarəsinin tarifləri
- Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tarifləri