Prezident Administrasiyasının ictimai-siyasi sektora cavabdeh şöbəsindəki dəyişiklikdən sonra hökumətin media siyasətində də tədrici və mərhələli dəyişikliklərə başlandığı aydın görünür.
KİVDF-dəki yeyintilərlə bağlı Baş Prokurorluğun qaldırdığı cinayət işi illərdir bu sektorda qurulmuş korrupsiya mexanizminin və şəbəkəsinin aşkarlanıb üzə çıxarılması və təqsirkarların da layiqincə cəzalandırılması üçün, əminəm ki, yaxşı bir dərs olacaq…
Ona da əminəm ki, “KİVDF işi”nin ilkin istintaq və məhkəmə prosesi təkcə media sektorunun necə korrupsiya yuvasına çevrildiyini isbat etməsiylə yox, həm də illərlə bu sahədə hökmranlıq etmiş tamahkarların bir-birini necə satmaları, hansı mənəvi keyfiyyət daşıyıcısı olmalarıyla ictimai diqqəti çəkəcək, mətbuat səhifələrinə düşəcək. Axı tarix və psixologiya elmi sübut edir ki, tamahkar adamlar qorxaq, qorxaqlar da satqın olurlar…
Media siyasətində müsbətə doğru hərəkətliliyin başqa bir nümunəsini isə mən artıq hamımızın canını boğaza yığımış televiziyalardakı dəyişikliklərdə, xüsusən də İctimai TV-nin siyasi ağırlıqlı proqramlarının artmasında görürəm. Bu proqramlara indiyədək efirlərə buraxılmayanların dəvət alması, hökuməti qərəzsiz tənqidə yönəlmiş bir çox fikirlərə meydan verilməsi təsdiqləyir ki, “yenilər” “köhnələr”dən, geçəkdən də, yaxşı mənada fərqlənmək istəyindədirlər.
Məsələn, dəvət aldığımız İTV-nin “Diqqət Mərkəzi – Yekun” verilişində oliqarxiyanın Prezidentin başladığı islahat prosesini sabotaj etdiyi, polisin içində oliqrxiyaya bağlı şəbəkənin olduğu, hakimiyyətin sosial şəbəkələrdə öz rəqiblərinə aşkar şəkildə uduzduğu, siyasi mühitin qapandığı, bir çox problemlərin qaynağının idarəetmə ilə bağlı olduğu, YAP-ın 700 min üzvündən 70 nəfərin çıxıb öz rəhbərliyini dəstəkləmədiyi və s. kimi fikirlərimizin “qayçılanacağını”, efirə verilməyəcəyini gözləsəm də, bu, baş vermədi…
Təşəkkürlər, İTV! Sağlam tənqid və ölkənin problemlərinin göstərilməsi inkişafın təməlidir!
Elxan Şükürlü
“Strateq.az” saytının baş redaktoru