SWIFT-siz qalmaq Rusiya üçün nə deməkdir?backend

SWIFT-siz qalmaq Rusiya üçün nə deməkdir?

Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və Kanada liderləri Rusiya banklarının SWIFT sistemindən ayrılması və Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarına qarşı sanksiyaların tətbiqi barədə qərarını rəsmən elan edib.

Bəs görəsən SWIFT nədir?

SWIFT – faktiki olaraq bütün dünya maliyyəçilərinə ödəniş tapşırıqları ilə mübadilə aparmağa imkan verən sistemdir.

Bunu anlamaq üçün çox sadə məişət xarakterli analoqiya aparaq. Nənənizlə Viber, qonşunuzla WhatsApp, dostlarınızla Telegram, həmkarlarınızla Slack vasitəsilə danışmaqdansa bir sınanmış rabitə kanalından istifadə etmək daha yaxşı olmazmı? Baxın banklar üçün bu kanal SWIFT-dir.

Bu sadəcə ödəniş sistemi deyil, həmçinin pul köçürmələri barədə ödəniş tapşırıqlarını yerinə yetirməyə imkan verən əsas və yeganə universal sistemdir. Bu sistem Yer kürəsində yerləşən 11 min maliyyə və qeyri maliyyə təşkilatları arasında pul mübadiləsini təmin edir. Bir ildə SWIFT ilə 5 milyard informasiya mübadiləsi aparılır.

Amma ABŞ-dan tutmuş Rusiyaya kimi ayrı-ayrı ölkələrin banklarının banklararası şəxsi daxili kommunikasiya sistemləri də var. Buna baxmayaraq, rahat olduğu üçün hətta o ölkələr belə SWIFT-dən istifadə etməyə üstünlük verir. Xarici valyutada olan bütün ödəniş tapşırıqları bu sistem vasitəsilə reallaşdırılır.

BBC-nin iqtisadi məsələlər üzrə eksperti Aleksey Kalmıkov bildirir ki, SWIFT-dən ayırmaqla qərb Rusiyanın daxili rabitə kanallarının işini durdurmayacaq. SWIFT 1973-cü ildə telefon, poct və teleksi əvəzlədi, amma o vaxtdan telekommunikasiya sahəsində faks və e-mai-dən blokçeynə qədər böyük inkişaf mərhələsi baş verib.

SWIFT-dən ayırma Rusiya banklarına nə kimi təhlükə yaradacaq?

Bu suala cavab verən Kalmıkov deyir ki, Rusiya banklarının SWIFT-siz qalması banklara gedən beynəlxalq telefon xətlərinin və internet kabellərin kəsilməsinə bərabərdir. Əlbəttə onların kəsilməsi müəyyən rahatsızlıq yaradacaq , amma dünyanın axırı demək deyil. İnternet və ya telefon olmasa informasiyanı məktub və ya faksla da göndərmək olar. Sadəcə bu çox vaxt aparacaq və baha başa gələcək.

SWIFT-dən ayırmanın Rusiya üçün yaradacağı birinci problem odur ki, maliyyə axınları daha uzun müddətə həyata keçiriləcək, bu səbəbdən biznes və iqtisadiyyata ciddi zərbə dəyəcək.

İkinci problem reputasiya ilə bağlı olacaq. İndiyə kimi ancaq İran və Şimali Koreya SWIFT-siz qalmışdı. Rusiya bu ölkələrlə bir sıraya düşdükdə bir çox qərb bankları Rusiya biznesi və dövləti ilə əməkdaşlıqdan imtina etməyə məcbur olacaq.

SWIFT ilə əlaqə kəsilsə sıravi Rusiyalılar Rusiya daxilində kartlarla ödəniş edə , valyuta hesabı aça biləcəklərmi?

Kalmıkov bildirir ki, düzünü desək rusiyalılar bəli ödənişlər edə və valyuta hesabları aça biləcəklər. Çünki ruslar öz aralarında ancaq rublla ödəniş aparırlar.

Ödəniş kartları ilə də analoji vəziyyət yaşanacaq. Visa və MasterCard kimi beynəlxalq liderlər hələ 2015-ci ildə Rusiya daxilində prosesinq və klirinq ödənişlərini Rusiyaya köçürüblər. Həmçinin, Rusiyanın “Mir” milli ödəniş sistemi var.

Qaldı ki, xarici valyutada olan hesablara, Rusiyada SWIFT söndürülsə belə əmanətçilər heç də pullarını rubla konvertasiya etməyə məcbur olmayacaqlar. Çünki SWIFT sadəcə Rusiya banklarının xarici banklarda dollar, avro, funt və yuanda olan müxbir hesablarına ödəniş tapşırıqları göndərməkdən başqa bir funksiyaya malik deyil. SWIFT-in texniki olaraq söndürülməsi sadəcə ödəniş tapşırıqları ilə mübadiləni məhdudlaşdıracaq.

ABŞ və Avropa Birliyi həqiqətən rusiyalıları dollar və avrodan məhrum etmək istəyirsə bunun ən yaxşı yolu SWIFT-i söndürməkdənsə, Rusiya bankları və şirkətlərinə qarşı sanksiya qoymaqdır. Bu, onlara qərb banklarında müxbir hesabları açmağa və valyuta əməliyyatları aparmağa imkan verməyəcək, – deyə ekspert vurğulayır.

  •  (0)
  •  (0)