“Dünən Şuşada olsaydım, ölkə başçılarına və birinci xanımlara kəklikotu çayı dəmləyərdim, Şuşa aşı hazırlayardım”.
Hokm.az xəbər verir ki, bunu Azvision.az -a Xalq artisti Firəngiz Mütəllimova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımının Şuşa səfərindən danışarkən deyib.
Aktrisa bildirib ki, ölkə başçıları və birinci xanımların görüşlərini böyük qürur hissi ilə izləyib:
“Şuşadakı görüşlərin, yoldakı söhbətlərin hamısına dəfələrlə baxdım. Çox böyük qürur hissi keçirdim. Cıdır düzündə Azərbaycan və Türkiyə rəqslərinin sintezi məni çox kövrəltdi. Bu səhnə tək düşmənə deyil, bütün dünyaya səs saldı.
Çox sevindim. Oradan kadrlar paylaşdım. Güc birlikdədir. Ölkə baçısının rəqsini izlədim. Hətta məmurlarımızı da rəqsə dəvət etdi. Çox sevincli idi. Bu, bizim ən böyük, ən uğurlu qələbəmizdir. Özü də biz bunu bayram günündə yaşadıq. Ürəyimdən keçdi ki, kaş yenə orada olardım. Sevincimdən səsli dedim ki, ilahi, yuxuma, ağlıma gəlməyən şeylər başımıza gəldi. Nə gözəl röyadır bu. Şuşaya bir dəfə gedib gəlmişəm, hələ də elə bilirəm ki, yuxu görürəm. Çünki mən 30 ildir ki, Şuşanı yuxularda görürdüm. İnanmıram özümə, deyirəm, ilahi, mən Şuşaya gedib gəlmişəm?
Ölkə başçılarını və onların Şuşaya səfərini görəndə dedim, nə yaxşı ki, evimizə, Şuşaya gəldilər. Özümü orada hiss edirdim. Orada olsaydım, qonaqlarımız üçün kəklikotu çayı dəmləyərdim, Şuşanın quşburunlu aşından hazırlayardım.
Ora səfərlər çox olacaq. Ən əsası mənim üçün bu idi. Orada olsaydım, Ərdoğana cansağlığı arzulayardım, müsəlman dünyasının başından əskik olmasın. Böyük qardaşımızdır. Mən sosial şəbəkədə də Ərdoğanı izləyirəm. Onun Qarabağa gediş-gəlişi azalmasın, ildə bir dəfə yox, 5-6 dəfə olsun”.