Şuşa xəstəxanası açılışa hazırdır – FOTOLARbackend

Şuşa xəstəxanası açılışa hazırdır – FOTOLAR

İşğaldan azad edilən ərazilərdə digər sahələrlə yanaşı, tibb və səhiyyə xidmətlərinin təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Belə layihələrdən biri təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan 90 çarpayılıq Şuşa Rayon Mərkəzi Xəstəxanasıdır.

Hokm.az “AzərTAc”a istinadən xəbər verir ki, Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikildiyi ərazidə olub, inşaat işləri ilə maraqlanıb.

Layihə rəhbəri Calal Əfəndiyev bildirib ki, 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla, 6 korpusdan ibarətdir. Əsas xəstəxana binası 50 çarpayılıq, Reabilitasiya Mərkəzi isə 40 çarpayılıqdır.

Şuşa Rayon Mərkəzi Xəstəxanasının ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunub. 40 çarpayılıq Reabitasiya Mərkəzi Pediatriya, Terapiya, Nevrologiya və Artrologiya şöbələrindən ibarətdir. Burada turistlərə və pasiyentlərə reabilitasiya xidmətləri göstərilməsi məqsədilə turşsu və yod-brom vannaları, duz mağarası və digər tibbi xidmət bölmələri yaradılıb.

Xəstəxananın tikintisində son tamamlanma işləri yekunlaşmaq üzrədir. Səhiyyə ocağında təmizlik işləri aparılır, avadanlıqların quraşdırılması davam edir.

Qeyd edək ki, xəstəxananın Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri, Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya fəaliyyət göstərəcək.

Xəstəxananın Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən tibbi avadanlıqlar – 1.5 TL maqnit-rezonans tomoqrafiya və 32 kəsikli kompüter tomoqrafiya aparatları ilə təchiz olunacaq.

  •  (0)
  •  (0)