Sentyabrın 16-da Özbəkistanın Xivə şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Daimi Şurasının 38-ci iclası keçirilib.
Mədəniyyət Nazirliyindən Hokm.az-a verilən məlumata görə, iclasda iştirak edən Özbəkistan Baş nazirinin müavini Aziz Abduhakimov, mədəniyyət naziri Ozodbek Nazarbekov, Türk Şurasının Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Macarıstanın xarici işlər naziri Peter Siyarto, TürkPA-nın Baş katibi Altınbek Mamayusupov, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Qırğızıstanın mədəniyyət, elm, idman və gənclər naziri Kairat İmanaliyev, Qazaxıstanın mədəniyyət və idman naziri Nurkıssa Dauyeshov və başqalarının çıxışları dinlənilib.
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Türk dünyasının mədəniyyəti və irsinin qorunması və təşviqinin, türk xalqları arasında həmrəylik və qarşılıqlı anlaşmanın daha da möhkəmləndirməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, türk xalqlarının tarixi-mədəni irsi, ədəbiyyatı, bir sözlə ortaq dəyərlərinin beynəlxalq səviyyədə təbliği qarşıda duran vacib məsələlərdəndir.
Nazir çıxışında 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana göstərdikləri dəstəyə görə TÜRKSOY-a, Türk Şurasına və türkdilli dövlətlərə təşəkkürünü ifadə edib.
Türk dünyasının görkəmli şəxsiyyətlərinin təbliğində TÜRKSOY-un xidmətlərini yüksək qiymətləndirən Anar Kərimov təşkilat tərəfindən Azərbaycanın tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinə göstərilən diqqəti xüsusi vurğulayıb. Bildirib ki, TÜRKSOY-un 2017-ci ilin “Molla Pənah Vaqif İli”, 2018-ci ilin “Qara Qarayev İli”, 2019-cu ilin isə “İmadəddin Nəsimi İli” etməsi, habelə Həsən Seyidbəyli və Mikayıl Abdullayevin 100 illik yubileyləri ilə əlaqədar müxtəlif səpkili tədbirlər yüksək qiymətə layiqdir: “Bu ilin mart ayında Türkiyəyə səfərim çərçivəsində “Nizami ili”nin açılış mərasimi, SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyinə həsr olunmuş sərginin açılışı və digər tədbirlərin təşkili TÜRKSOY-un türk mədəniyyətinin inkişafı və təşviqindəki müstəsna rolunun göstəricisidir. 2021-ci ilin TÜRKSOY çərçivəsində SSRİ Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyinə ithaf olunmasını da əhəmiyyətli hesab edirik”.
Nazir TÜRKSOY-un “Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsi çərçivəsində Azərbaycanın qədim mədəniyyət mərkəzlərin biri olan Şuşa şəhərinin 2023-cü il üçün “paytaxt” elan olunmasına görə təşkilata təşəkkürünü bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı elan olunub: “İCESCO rəhbərinin bu ilin əvvəlində ölkəmizə səfəri zamanı Şuşanın “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi ilə bağlı təşəbbüsü və bu sessiyada TÜRKSOY tərəfindən Şuşanın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi Türk-İslam dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin daha bir göstəricisidir”.
Anar Kərimov diqqətə çatdırıb ki, uzun fasilədən sonra bu ilin may ayında Cıdır düzündə – hər bir azərbaycanlı üçün müqəddəs olan Şuşada ənənəvi “Xarıbülbül” festivalı keçirilib: “Biz o günü 30 il səbirsizliklə gözləmişdik, 30 il Vətən həsrəti ilə yaşamışdıq. Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış etdilər və bu onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır.
Bununla yanaşı, 39 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən yenidən bu qədim şəhərimizdə təşkil olundu. 29 ildən sonra həmvətənləri yenidən öz dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi Molla Pənah Vaqifin görüşünə gəldi. Şairin məqbərəsinin yenidən açılışı keçirildi. Prezident İlham Əliyevin Şuşa şəhərini ölkəmizin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrildi”.