Sürətlə aşağı – gələcəyə doğru!backend

Sürətlə aşağı – gələcəyə doğru!

Onlar studiyada məhrəm sirlərini bölüşən binəvalara quşçuluq fabrikinin müdirinin sərəncamında olan toyuqlara baxdığı nəzərlə baxırlar

Amansız zaman köhnə dəyirman daşları kimi bir çox dəyərlərimizi, gözəl adət-ənənəmizi dişindən keçirib gedər-gəlməzə göndərdi. Artıq nə vaxtlarsa insanın dəyərinin və ucalığının göstəricisi olan “abır”, “həya”, “qanacaq”, “tərbiyə”, “utanc”, “ar”, “ədəb”, “böyüyə hörmət” kimi məfhumlar müasir cəmiyyət tərəfindən gündəlik həyatdan xaric edilib və atavizm aqibətini yaşamaqdadır.

Onları isə “həyasızlıq”, “kəclik”, “sırtıqlıq”, “ədəbsizlik”, “qabalıq” əvəzlədi. Adını da qoyduq “müasirlik”, “kreativlik”, “ünsiyyətcillik”.

Artıq heç kim tam dəqiqliyi ilə “sıfır” nöqtəsinin nə zaman, konkret hansı hadisədən sonra keçildiyini xatırlaya bilməz. Amma tarixin dolanbac yollarında biz bunu cəmiyyət olaraq haradasa etdik. Nəticə isə göz önündədir. Bu gün yaşadığımız cəmiyyətə tədricən, mərhələli şəkildə, ilbəil, aybaay gəlib çıxıdığımız üçün mənzərənin acınacaqlılıq dərəcəsini tam çılpaqlığı ilə qavramaq çətindir (söhbət əlbəttə ki, yaşlı və orta nəsildən gedir, yeniyetmələr zatən gözlərini açıb elə bu duruma düşüblər).

Amma xəyali olaraq bir millət kimi tariximizdən son 25-30 ili kəsib çıxarsaq və sonra bugünkü reallığı birbaşa 25-30 il əvvəlki zamana calasaq, dəhşətə gəlməmək mümkün deyil. O zamanın insanları isə bəlkə də bu dəhşətin fövqündə olardı – təzadların qloballığına görə. Proses, daha doğrusu, tənəzzül davam edir. Və bu vakxanaliyanın ön cərgəsində TV-lər inamla irəliləyir.

Televiziya kanallarının bərbad durumu, mənəvi dəyərlər əvəzinə, əsasən mənəviyyatsızlıq aşılamaları, zövqləri korlaması barədə çox danışılıb, bir çox ziyalımız (Allaha şükür ki, hələ belələri də var) etiraz səsini qaldırıb. Amma vəziyyət dəyişmir ki, dəyişmir. Yox, bəlkə də dəyişir, amma mənfi tərəfə.

Bu proseslərin təməlində nə dayandığı barədə müxtəlif fikirlər səsləndirilir. Amma görünən odur ki, günümüzdə sosial şəbəkələr populyarlıq qazandıqca, TV-lərin “bazarı” daralır. Televiziya vətəndaşa nə təklif edə bilər ki, o, bunu sosial şəbəkədə görə, tapa bilməsin? Xüsusən də nəzərə alaq ki, sosial şəbəkə valisi ölmüş şəhərə bənzəyir – nə nəzarət var, nə məhdudiyyət, nə də senzura. Odur ki, TV-lərdə qərara aldılar ki, əgər kütlənin ümumi səviyyəsini yüksəltməkdə aciziksə və bu, auditoriyanın, ən vacibi isə – reklam gəlirlərinin itirilməsinə gətirib çıxacaqsa, o zaman özümüz kütlə səviyyəsinə enək və eynən sosial şəbəkələrdəki anarxiyaya yer verək.

Və budur! İndi istəyirsən canlı efirdə şpaqat aç, istəyirsən masa üzərindəki qabı opponentinin sifətinə çırp, istəyirsənsə də oğru aləminin jarqonundan istifadə edib kiməsə hədə-qorxu gəl! Necə deyərlər, tələb təklifi formalaşdırır. İndi artıq heç kimə ailə məsələlərinin, intim xırdalıqların tok-şoularda müzakirə olunması qəribə gəlmir. Halbuki, bir qədər dərindən düşünülsə, bir qədər keçmişə nəzər salınsa, bunun tamamilə milli-mənəvi dəyərlərimizə, mentallığımıza zidd olduğunu, el dili ilə desək, biabırçılıq olduğunu görmək mümkündür.

Hələ orta məktəb dərsliklərində “Atalar sözləri” bölümündə “Ev bizim, sirr bizim” ifadəsi bizə təlqin edilməyə çalışılıb. Amma indi TV ekranlarında əksini görürük. Bir o qalıb ki, kimsə zifaf gecəsində yaşadığı məyusluğu müzakirəyə çıxarsın, bunu da videogörüntülərlə isbatlamağa çalışsın.

Amma biz belə deyildik axı! Biz elə indi də, sabah da belə olmamalıyıq. Kütləvi həyasızlaşma heç bir pozitiv xəyallara köklənməyə əsas vermir. Əlbəttə ki, biz nəhəng aysberqin görünən hissəsinin cüziyyatına toxunduq, bir nümunə olaraq. Və heç də ailədaxili münaqişələr zamanı kiminsə kənardan yardım etməsini də inkar etmirik. Amma!..

“Amması” budur ki, əsrlər boyu bu həssas məsələ ağsaqqalların, ağbirçəklərin, nəslin müdrik nümayəndələrinin müstəsna hüququ və səlahiyyəti olub. Amma bu gün biz dəfələrlə ərə gedib boşanan bir aktrisanın studiyada əyləşib xalqa ailə müqəddəsliyi haqqında moizə oxumasına şahidlik edirik, əynindəki ətəyin alt paltarını gizlətməyə yetməyən müğənni canfəşanlıqla adət-ənənələrimizə sadiqlikdən, böyük-kiçik yeri bilməkdən dəm vurur.

Belə acınacaqlı mənzərənin yaranma səbəbi isə çox sadədir: kiminsə ailə faciəsi, kiminsə bədbəxtliyi, kiminsə rüsvayçılığı nə TV yetkililərinin, nə də verilişin yaradıcı heyətinin vecinə deyil! Onlar studiyaya gəlib ən məhrəm sirlərini bölüşən binəvalara eynən quşçuluq fabrikinin müdirinin sərəncamında olan toyuqlara baxdığı nəzərlə baxırlar. Çünki onları insan taleləri deyil, qalmaqal, ajiotaj, reytinq və reklam gəlirləri maraqlandırır. Amma ekran qarşısında əyləşən milyonlar, xüsusən də gənclər onlara təqdim edilən həyat prinsiplərini süngər kimi vücudlarına hopdururlar. Və nəticə də daha öncə qeyd etdiyimiz mənzərədir: abırsızlıq, həyasızlıq, ədəbsizlik.

Əlbəttə, belə mühitdə özünü balıq suda hiss etdiyi kimi hiss edənlər də var. Amma bununla barışmaq olmaz. Bütöv xalqı, milləti bu dərəcədə aşağılamaq, alçatmaq olmaz. Yəqin ki, bir gün bu narazılıqlar, tənqidlər nəhayət səlahiyyətli orqanlara, şəxslərə də yetişəcək, onları da qayğılandıracaq. Və bundan sonra uçuruma yuvarlanma prosesinin nə zamansa dayanacağına ümid yaranacaq. Hələliksə… sürətlə aşağı, gələcəyə doğru yuvarlanırıq!

  •  (0)
  •  (0)