General-mayor Mixail Kosobokov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı təyin olunub və bu gün Ermənistana gedərək müdafiə naziri Arşak Karapetyanla görüşüb.
Mixail Kosobokov bu təyinada qədər Rusiya Federasiyasının Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində yerləşən Cənub Hərbi Dairəsinin 58-ci Birləşdirilmiş Silahlı Qüvvələrinin komandir müavini olub.
Mixail Kosobokov daha əvvəl – 2014-2017-ci illərdə Rusiyanın Abxaziyada yerləşdirilən 7-ci hərbi bazasının komandiri olub. 7-ci hərbi bazanın komandiri olan zaman – 2016-cı ildə Rusiya prezidentinin fərmanı ilə general-mayor hərbi rütbəsinə layiq görülüb.
Rusiyanın müxtəlif bölgələrində hərbi xidmət keçən Mixail Kosobokov 1999-cu ildə Ryazan Ali Hərbi Komandanlıq Məktəbindən, daha sonra isə Frunze adına hərbi Akademiyadan məzun olub.
Mixail Kosobokov Ryazan Ali Hərbi Komandanlıq Məktəbindən məzun olub general rütbəsinə layiq görülən sonuncu hərbçidir.
Ukraynanın məşhur “Sülhməramlı” Mərkəzi adlı təşkilatı Mixail Kosobokovun adını “Müharibə cinayətkarları” siyahısına salıb.
“Sülhməramlı” Mərkəzindən verilən açıqlamada qeyd olunur ki, Mixail Kosobokov 2015-ci ildə Ukrayna ərazisində fəaliyyət göstərən terrorçuların sursatla təmin edilməsində və komandanlıq etdiyi Rusiya ordusunun bölmələrinin Ukraynaya istiqamətləndirilməsində yaxından iştirak edib.anews.az