Sosial şəbəkə və mətbuatda yayılan iddialara görə, stomatoloji kabinetlərdə diş çəkilməsi qadağan edilib. İddialara görə, diş çəkilməsi ancaq cərrahiyyə otağı olan tibb mərkəzlərində mümkündür.
Hokm.az xəbər verir ki Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “stomatoloji” iş üzrə tibbi xidmətlin göstərilməsi sanitariya-gigiyena tələblərinə riayət olunmaqla tibbin bir sahəsi olaraq, tibbi praktiki fəaliyyət zamanı diş problemləri, onların müayinə, müalicə, korreksiya və profilaktikasına yönəlmiş, ağız boşluğundakı dişlərə müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları (bir sıra əməliyyatları) nəzərdə tutur.
“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-stomatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər. Stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diş texniki üzrə lisenziya tələb olunduğundan, uyğun işlər üzrə tibbi praktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziya əsasında həyata keçirilə bilər. Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz.
Yalnız vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan müraciətlər əsasında aidiyyəti özəl tibb müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunur. Aidiyyəti üzrə məsələdə lisenziya tələblərinə dair qaydalarda ciddi dəyişiklər olmayıb. Belə ki, cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər (hüquqi və fiziki şəxslər) dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra etməsi mümkün deyil. Əks halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati qaydada məsuliyyətə cəlb oluna bilərlər.
Xüsusilə vurğulamaq istərdik ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinin fərmanına müvafiq olaraq nəzarət tədbirlərinin həyata keçirilməsində müəyyən məhdudiyyətlərin olması sahibkarlıq subyektlərinin məsuliyyətdən yayınma hallarına rast gəlinməsi faktları olsa da, qanunun tətbiqi zamanı müvafiq bəndində “İnsanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda xidməti yoxlamaların keçirilməsi, uyğun olaraq da nəzarət tədbirlərinin həyata keçirilməsi sahibkar subyektlərinin məsuliyyətinin daha da artması və əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün əsasdır.
Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”.