“Space” TV -nin yeni rəhbərinin istefa səbəbibackend

“Space” TV -nin yeni rəhbərinin istefa səbəbi

Hokm.az musavat.com-a istinadən Sevinc Telmanqızının yazısını təqdim edir

Bir neçə gün əvvəl “Space” teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılova istefa verib. Ü.Mikayılova “Space” TV-nin kollektivinə təqdim olunduqdan beş gün sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib. Xəbərlərdə qeyd olunur ki, Ü.Mikayılovanın TV-yə rəhbərlikdən imtinasına əsas səbəb oradakı çoxsaylı problemlərdir. “Space” TV-ni sırf maarifçilik kanalına çevirmək istəyinin mümkünsüz olması da istefa verməsinin səbəblərindən biri kimi göstərilir. Əslində çox ironik mənzərədir. Koma vəziyyətində olan, ölümünə kəsin şəkildə baxılan bir xəstəni dünyanın ən bacarıqlı və savadlı cərrahına tapşırsan belə, onu xilas edə bilməyəcək. Uzaqbaşı komada daha bir neçə gün qalmasını təmin edə bilər. Ondan o tərəfi yoxdu…

Sən illərlə şou biznesin, hind filmlərinin, manısların ixtiyarına verdiyin kanaldan lap CNN-in rəhbərini də vəzifəyə gətirsən, istədiyin nəticəni ala bilməzsən. Daxmanın bünövrəsi üstündə göydələn ucaltmaq olmaz. İki vur iki…bərabərdir dörd. Türkiyə mətbəxində “yalançı dolma” deyə bir yemək var. Ətdən başqa hər şey vururlar dolmanın içinə – düyü, göyərti, kişmiş…daha nələr. Nəticə etibarilə masaya dolma gəlir, amma yeməyin dolmadan xəbəri yox. Bizim bəzi telekanallar da o cürdür. Bizə kanal, xəbərçilik, informasiya, əyləncə formatı olaraq təqdim edilir. Amma sadaladıqlarımdan heç birini izlədiklərimizdə tapa bilmirik.

Xəbər təqdim edirlər, amma xəbərçilikdən kilometrlərlə uzaq olur. Əyləncəsi, serialı onun kimi. Bəzən evdən kənarda olanda, qonaq gedəndə yerli kanallara baxmaq zorunda qalırıq. Xüsusən də seriallarını. Yerli ssenaristlərimiz doğrudanmı bu qədər istedadsız, qıt, fantaziyasızdır? Hansı kanalda serial izləyirsən, onun Türkiyə kanalında başqa bir serialın kopyası olduğu hiss olunur. Reklam desən, biabırçılıq. Adamlar serialın içində sırf sponsoru, mebel firmasını reklam etmək üçün divanın üstünə az qala iri hərflərlə mebel firmasının adını yazırlar. O bəs etmir, divanın üstünə 10 ədəd kiçik balışlar düzürlər, hər birinin üstündə də firmanın adı… Göz çıxır, baş ağrıyır, amma ad olur ki, efirdə serial yayımlanır.

O gün bütün sosial şəbəkədə bir yerli xəbər aparıcısının replikası trend olmuşdu. Bil Geytsin arvadından boşanması xəbərini təqdim edirdi xanım. Axırda da şərh verirdi, Allah heç qoymasa. Şərh də beləydi ki, “Deyirdilər, Bill Geyts hamımıza çip taxacaq.

Taxan idi elə öz arvadına taxardı ki, boşanmazdı…” Ha-ha, hi-hi… Hə, budur anlayış. Enkrmen, xəbər aparıcısı, standartlar… gedib işinin dalınca. İndi jurnalist də özünü manıs kimi, şou veriliş aparıcısı kimi aparır ki, qalmaqal olsun, izlənsin, reytinq yığsın. Bax, faciə də budur. Halbuki ölkədə, ölkənin telekanal məkanında normal jurnalistika, televiziyaçılıq olsa, belə diqqət çəkmə cəhdlərinə, tryuklara gərək qalmaz. “Tik-tok”da populyarlıq qazanmaq üçün o platformalara hesablanmış açıqlamalar verilməz. Gerçək, doğru-dürüst xəbərçilik, cəsarətli tok – şoular, siyasi debatlar hər zaman populyarlıq qazanar. Kiçicik otaqları, çox baha olmayan kameraları ilə onlayn TV-lər quran bizlər sübut etdik bu gerçəyi. Bəli, böyük paralara, işıl-işıl parıldayan studiyalara gərək olmadan tamaşaçının simpatiyasını qazanmaq mümkündür. Təki həqiqəti deyəsən, təki tamaşaçıya xidmət edəsən.

Xidmətdən söz düşmüşkən, o gün Şəmkirin eks icra başçısı Alimpaşa Məmmədov ilə bağlı bir şəhid anasının müsahibəsini dinlədim. Yenə deyəcəksiz, yıxılana balta vurursuz, amma tələsməyin. Şəhid anası danışır ki, eks icra başçısının yanına nəyəsə xahişə gedib. Bu üzüqara olmuş da qayıdıb ki, “neynirsən problemin həll olunmasını? Gəl səni ərə verək, ər çörəyi ye”. Ana az qala ağlaya-ağlaya danışır: “Bəs mən uşağımı 2 yaşından tək böyütmüşəm, ərim ölüb.

Mən yetimçiliklə ona görə uşaq böyütmüşəm ki, onu Vətənə şəhid verəndən sonra hansısa qudurğan məmur “gəl, səni ərə verək”, desin?” Hələ nə qədər belə müsahibələr, açıqlamalar çıxacaq vəzifədən gedən məmurlar haqda? Heç kəs də özünü müdrik göstərib, “niyə vəzifədə olanda demirdilər, yıxılana balta vurmaq asandır”, deməsin. Birincisi, vəzifədə olan məmuru, xüsusən də özünü padşah hesab edəni tənqid etmək sizə elə də asan gəlməsin. Bu, çoxsaylı təzyiq, terrorla müşayiət oluna bilər. Heç də hər “baba igid” onun altından çıxa bilməz. İkincisi, niyə bir məmur gedəndən sonra onun əməllərindən danışmaq olmaz axı? Cəzası artar deyə ürəyimiz ağrıyar? Yoxsa digər qudurğan məmurlar ifşalardan qorxub, özlərini səliqəyə salar, camaata daha insaflı davranar deyə nigaransız? Məmur qudurğandırsa, insanlara zülm edirsə, onun barəsində hər zaman danışmaq mübahdır. Bacaran vəzifədə olanda danışsın, bacarmayan vəzifədən gedəndən, həbs olunandan sonra. Kimin gücü nəyə çatır, iradəsi nəyə uyğundur, onu etsin…

Siz də mərdi qova-qova namərd etməyin. Nə də gəldiyi vəzifənin öhdəsindən gələ bilməyəcəyini anlayan kimi vicdanla, abırla ondan istefa verəni pisləyin. Bu, bir mədəniyyətdir, nümunədir, örnəkdir. Bacarmadığın yükün altından çıxanları isə alqışlayın.

Qoy nümunə olsun…

  •  (0)
  •  (0)