Sosial-siyasi partlayış, yoxsa inqilabın idxal ssenarisi – Qazaxıstana diqqətbackend

Sosial-siyasi partlayış, yoxsa inqilabın idxal ssenarisi – Qazaxıstana diqqət

Şahin Cəfərli: “Dəyikliklər qaçılmazdır, bu ölkəni artıq əvvəlki kimi idarə etmək mümkün olmayacaq”

Mehman Əliyev: “Xarici təsirlər mövcuddur: bu təsir Şimaldan, yoxsa Qərbdən qaynaqlanır – bu barədə qəti söz demək mümkün deyil”

Qazaxıstanda maye qazın bahalaşması ilə bağlı yanvarın 2-dən etibarən ölkənin bir neçə bölgəsində davam edən etiraz aksiyaları artıq kəskin xarakter almağa başlayıb. Almatıda aksiya iştirakçıları polis postunu yandırıblar.

Etirazçılar yerli şəhər administrasiyasının binasını da yandırıblar. Son məlumata görə, etirazçılar meriya binasına daxil olublar. Onların əllərində səs bombaları, həmçinin qalxan və dəyənəklərin olduğu bildirilir. Məlumata görə, hazırda aksiyaçıların başqa bir hissəsi prezidentin köhnə iqamətgahına soxulmağa çalışır. Şahidlərin sözlərinə görə, iqamətgah ərazisində atəş səsləri eşidilir, binanın üstündən qara tüstü qalxır.

Bundan başqa, şəhər prokurorluğunun binası da yandırılıb. Mitinq iştirakçıları eyni zamanda hakim “Nur Otan” partiyasının ofisinə də hücum edib. Ölkənin “Telegram” kanallarının yaydığı məlumata görə, şəhərin mərkəzində etirazçılar ilə Milli Qvardiya qüvvələri arasında toqquşma baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçı kütlənin qarşısını almağa çalışır.

Rəsmi məlumata görə, Almatıda qarşıdurma zamanı 137 polis əməkdaşı və 53 mülki vətəndaş xəsarət alıb. 190 nəfər tibb müəssisələrinə müraciət edib.  Bununla yanaşı, 40 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 7-si hazırda reanimasiyadadır. Onlardan dördü polisdir.

Bu arada Qazaxıstan hökuməti istefaya göndərilsə də, etirazçılar bununla razılaşmırlar. Onlar Qazaxıstanın rəsmi lideri olan Nursultan Nazarbayevin siyasi fəaliyyətdən uzalaşmasını və 1992-ci ildə qəbul edilən Konstitusiyanın yenidən qəbul edilməsini tələb edirlər.

 

Baş verənləri AYNA-ya şərh edən politoloq Şahin Cəfərlinin sözlərinə görə, Prezident Tokayev etirazçıların tələblərini qanla boğmağa meylli deyil: “Məlumdur ki, Qazaxıstanda hakimiyyət böhranı hökm sürür. Bir tərəfdə ölkənin Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayev, digər tərəfdə isə Prezident Qasım-Comərd Tokayev dayanıb. Birincinin 82 yaşı var. İkinci isə nisbətən cavandır və iqtidara yeni gəlib. Təbii ki, onlar eyni hədəfə oynayırlar və hər ikisi Rusiyaya yönəlik siyasət yürüdür. Lakin Nazarbayev etirazları qanla boğmağa meylli görünürsə də, Tokayev yəqin ki, bunda maraqlı deyil”.

“Hadisələrin gedişatı güc və təhlükəsizlik strukturlarının kimin tərəfində olmasından asılı olacaq. Qazaxıstan hökumətinin istefaya göndərilməsi ilə qazax xalqı barışmayıb və onlar haqlı olaraq əmindirlər ki, bu addım onları sakitləşdirməyə, geri çəkilməyə təhrik etmək məqsədi daşıyır”, – deyə siyasi şərhçi bildirib.

O, hesab edir ki, bütün hallarda nəticə xalqın xeyrinə olacaq: “Bilirsiniz ki, Qazaxıstanda son 30 ildə heç bir siyasi etiraz olmayıb. Lokal bir tələblə, sosial-iqtisadi tələblərlə başlayan bir aksiya artıq ümumxalq hərəkatına çevrilib. Hətta indiki məqamda etirazları yatırmaq mümkün olsa da, hakimiyyət əhalinin tələblərini yerinə yetirməyə məcbur olacaq. Əgər bu, baş verməyəcəksə, o halda yenidən etirazlar baş qaldıracaq. Yəni, artıq Qazaxıstan keyfiyyətcə yeni siyasi mərhələyə qədəm qoyub və “bu xəmir hələ çox su aparacaq””.

“Qazaxıstanda dəyişikliklər qaçılmazdır. Bu ölkəni artıq əvvəlki kimi, köhnə qaydalarla idarə etmək mümkün olmayacaq. Hətta bu prosesdə hakimiyyətin, eləcə də sistemin dəyişəcəyi ehtimalları da var. Bütün hallarda tarixdə zor və repressiv üsullarla idarəetmə sitemi sona qədər davam gətirməyib. Bu, dünyanın heç yerində baş verməyib. Təbii ki, Qazaxıstanda da mümkün deyil. Nazarbayev və Tokayev xalqın tələbləri ilə hesablaşmalıdırlar və hesablaşacaqlar da”, – deyə həmsöhbətimiz vurğulayıb.

Şəfərlinin fikrincə, Rusiyanın bu proseslərdə iştirakı az inandırıcıdır: “O səbəbdən ki, Qazaxıstan Rusiyanın ən yaxın müttəfiqlərindən biridir. Kremlin SSRİ-ni digər formada diriltmək siyasətində bu ölkə yaxından iştirak edir. Bu səbəbdən inanmıram ki, Moskva bu hadisələrdə maraqlı olsun və ya hər hansı təkan versin. Bu hadisələr həm də Rusiyanın özünə qarşı yönəlib”.

 

Politoloq Mehman Əliyev isə hesab edir ki, Nazarbayev rejimi demokratiyanı boğsa da, sosial-iqtisadi durumu həmişə normal saxlamağa çalışırdı. “Məhz elə bu səbəbdən də illərdir öz hakimiyyətini qoruya bilirdi. Rəsmi Prezident Qasım-Comərd Tokayev olsa da, ölkənin real rəhbəri yenə də Nursultan Nazarbayevdir. Artıq Qazaxıstanda sosial-iqtisadi problemlər hökm sürməyə başlayıb və əhali buna sərt şəkildə öz etirazını bildirir”, – deyə o, AYNA-ya şərhində söyləyib.

Müsahibimizin sözlərinə görə, məsələnin mahiyyətində xalqın Nazarbayev rejimindən bezməsi dayanır: “Sosial tələblər bir bəhanə idi və sadəcə insanlar nəyin bahasına olursa-olsun, Nazarbayev rejimindən canlarını qurtarmağa çalışırlar. Bu gün artıq bu münasibət xalq hərəkatına çevrildi və hakimiyyətin özü də bunun qarşısını almaqda acizdir”.

“Təbii ki, danışıqlar davam etdirilir və Qazaxıstan iqtidarı çalışacaq ki, müxtəlif yollarla kütləvi etirazların qarşısını alsın. Lakin yekun nəticə necə olacaq, indidən bu barədə qəti proqnoz vermək mümkün deyil”, – deyə Əliyev qeyd edib.

Xarici təsirlərdən danışan politoloq son dövrlər Qazaxıstanın ABŞ-la münasibətləri tənzimləməyə çalışdığına diqqət çəkib: “Baxmayaraq ki, bu ölkənin Rusiya ilə çox isti münasibətləri mövcuddur, Moskvanın moderatorluğu ilə Avrasiya İttiffaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsas üzvlərindən biridir, yenə də son dövrlər Qərblə münasibətlərdə bir yumşalma müşahidə edilirdi. Digər yandan, ABŞ Prezidenti Co Bayden 2022-ci ilin demokratiya ili olacağını bəyan edib. Təbii ki, xarici təsirlər var. Lakin bu təsirlər Şimaldan, yoxsa Qərbdən qaynaqlanır, bu barədə də qəti söz demək mümkün deyil. Bəzən ilk təəssüratlar aldadıcı olur”.

  •  (0)
  •  (0)