“Facebook” Talibanla əlaqəli hesabları qadağan etdikdən sonra “WhatsApp” mesajlaşma tətbiqetməsi də oxşar qərarı qəbul edib.
Hokm.az xəbər verir ki, “Facebook”un mətbuat üzrə məsul şəxslərindən biri Talibanın ABŞ qanunlarına görə terror təşkilatı olduğunu, bu səbəbdən hesabların “Təhlükəli təşkilatlar” kateqoriyası üzrə bloklandığını söyləyib.
Şirkət dari və puştu dillərində danışan bir qrupun platformanı mütəmadi olaraq yoxladığını və Talibanı tərifləyən və dəstəkləyən hesabların da bloklandığını qeyd edib.
“WhatsApp” mesajları oxuya bilmədiyi üçün yalnız özünü Talibanla əlaqəli hesab edən nömrələri blok edə bilir. Bu haqda danışan şəbəkənin sözçülərindən biri bu istiqamətdə ABŞ-ın müvafiq orqanlarından daha çox məlumat istədiklərini diqqətə çatdırıb.
“Twitter” isə Talibana aid hesabları bağlamayacağını, lakin bu hesablardakı paylaşımları yaxından izləməyə davam edəcəklərini açıqlayıb. Platforma Əfqanıstanda insanların kömək istəmək üçün “Twitter”dən istifadə etdiyini və şiddəti tərifləyən materialları bloklamaq üçün sərt siyasətlərini davam etdirəcəklərini qeyd edib. Şəbəkə hələ də Taliban və onların sözçülərinə aid hesablara heç bir sanksiya tətbiq etməyib. Taliban sözçülərindən Süheyl Şahinin təsdiqlənməmiş hesabının 347 min izləyicisi var və o, “Twitter”dən aktiv şəkildə istifadə edir.
Bundan əlavə, “Youtube” ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısında olması səbəbiylə Talibana məxsus hesabların fəaliyyətini dayandıracağını bildirib.sfera.az