Kulis.az “İşdən kənar” layihəsində keçmiş millət vəkili, təhsil üzrə ekspert Sona Əliyeva ilə müsahibəni təqdim edir.
– Sona xanım, ixtisasca müəllimsiniz. Uzun illər təhsil sahəsində çalışmısınız. Sizcə niyə bizim cəmiyyətdə valideynlər xüsusilə qız övladlarının müəllim olmasını istəyirlər? Mən səbəbləri bilirəm, amma sizin fikirləriniz də maraqlı olar…
– Mənə elə gəlir ki, biz eyni şeyləri düşünürük. Azərbaycan ailələrində diplom məsələsi çox vacibdir. Digər tərəfdən də qadın üçün müəllimlik rahat peşə sayılır. Qadın məktəbdəki işlərini tez zamanda başa çatdırıb geriyə qalan vaxtı ailəsinə ayırır. Güman edirəm ki, qadın üçün daha rahat peşə sayıldığı, həm də təhsil ocaqları tərbiyəvi dəyərləri ilə seçildiyindən, ailələr və kişilər bu sahəyə üstünlük verirlər. Üstəlik təhsil sahəsində, məktəblərdə daha çox qadın kollektividir. Bu da rol oynayır.
– Onda belə qənaət yaranır ki, bizim kimi cəmiyyətlərdə digər sahələr qadın üçün təhlükəlidir?
– Təhlükə deməzdim, sadəcə formalaşmış stereotiplərdir ki, hələ uyğunlaşa bilmirik. Bu da daha çox rayonlarda, kəndlərdə hiss olunur. Böyük şəhərlərdə hiss olunmur. Harda ki, iqtisadi inkişaf zəifdir, sosial vəziyyət kifayət qədər formalaşmayıb, orada belə çətinliklər var.
– Siz əyalətdə, həm də zəngin ailədə anadan olmusunuz. Maraqlıdır sizin təhsil sahəsində seçim azadlığınız olub?
– Təhsil sahəsinə yönəlmək mənim seçimim olmayıb. Ümumiyyətlə mənim həyatda çox seçimlərim özümün olmayıb. Yəni bəlli bir yerə qədər… Tərcüməçi olmaq istəyirdim, amma valideynim məni tibb universitetinə yönəltdi. İmtahan verərkən, kodlaşmada səhv etdim və pedaqoji sahəyə düşdüm. Sonra atama narazılıq etdim, dedim, mənim intellektim və savadım daha yaxşı yerlərdə oxumağıma imkan verir. Amma atam razı olmadı. Dedi, qız üçün ən yaxşı sənət müəllimlikdir.
– Deməli siz də eyni vəziyyətlə rastlaşmısınız.
– Bəli, mən də rastlaşmışam. Ümumiyyətlə mənim ailə qurmağımdan, övladlarımla bağlı məsələlərdə bir çox seçimlərim ailəm tərəfindən olub. Yəni heç bir seçimim mənim olmayıb.
– Bir qadın üçün çətin olar…
– Çox çətindir. Amma insan olaraq hər mənada rahatlığı və səmimiyyəti sevən adamam. Ona görə də heç vaxt özümü sıxmıram, həmişə olduğum kimi görünməyə çalışıram.
– Dediniz ki, ailə qurmağınız da valideyninizin seçimi ilə olub. Sonra bunu əziyyətini çəkdiniz?
– Yox, bu barədə mənim bəxtim çox yaxşı gətirib (gülür). 20 yaşımda ailə qurmuşam, indi üç övladım var, böyük qızımın 20 yaşı var. Ailəmdən və övladlarımdan çox razıyam.
– Siz millət vəkili olanda da, indi də rayondan, doğulduğunuz yerdən ayrılmırsınız. Bu nə ilə bağlıdır?
– Torpağıma, evimə, ailəmə çox bağlı adamam. Kənardan bilmirıəm necə görsənirəm, amma həddindən artıq ailəcanlıyam. Mənim bir evim rayondadı. Hər dəfə ora gedəndə, ordan güc, enerji alıram. Şəmkir adlı torpaq mənim üçün çox doğmadır. Böyük şəhərləri o qədər də sevmirəm. Torpaq məni həmişə özünə çəkir.
– Evdə necəsiniz, hansı xörəkləri daha yaxşı bişirirsiniz?
– Evdə bütün qadınlar necədirsə, mən də eləyəm (gülür). Çox yaxşı kulinaram, xörəkləri də dadlı bişirirəm. Bu barədə özümü tərifləyə bilərəm. Ümumiyyətlə mən çox evdaram. Harda işləməyimdən asılı olmayaraq, heç vaxt çərçivədən kənara çıxmamışam. Evimi, ailəmi, uşaqlarımı əsas tutmuşam. Övladlarım mənim üçün həmişə birinci olub. Heç nə onların üstündən keçməyib. Daimi köməkçim də heç vaxt olmayıb. Çünki bu mənada heç kimə güvənmirəm, evimdə yad adamın olmağını sevmirəm. Mənim evimə çox az adam gəlir. Qohumlarım və çox yaxın adamlar qonaq gələ bilir.
– Övladlarınızla münasibətləriniz necədir?
– Çox yaxşı. Hamısı ilə yaşına, xasiyyətinə görə bağ qururam. Amma ən çox böyük qızımla ünsiyyətdə oluram. Onunla hər şeyimi bölüşürəm. Hərdən fikirləşirəm ki, bəlkə mən tez ailə qurdum, onlarla birgə böyüdüm. Amma biz çox yaxşı dostuq, uşaqlarımla aramızdan su keçmir. Mən onlara hər sözümü danışıram, onlar da mənə danışırlar. Bir-birimizə məsləhət veririk. Böyük qızım mənim həm rəfiqəm, həm bacım, həm də anamdır. Çox xüsusi münasibətimiz var. İkinci qızımla da çox yaxşı dostuq, amma böyük qızım bir az fərqlidir. Oğlumla da yaxşıyıq. Ümumiyyətlə, uşaqlarıma demişəm ki, mən sizin problemlərinizi başqasından eşitməyim. Mən elə adamam ki, sizin problemlərinizi həll edə bilərəm. Ola bilər xoşuma gəlməsin, acıqlanım, amma sonda sizə kömək əli uzadacaq yeganə adamam. Ona görə biz dostuq, onlar mənimlə danışmağa çəkinmirlər. Hətta mənim də səhvlərim olanda, onlar mənə deyirlər. Övladlarıma çox böyük azadlıq vermişəm, onların həyatını çərçivələmək fikrim yoxdur. Hətta mən sizə deyim ki, mən onlardan daha dünyəviyəm. Onlar məndən daha sərhədlidirlər.
– Misalçün oğlunuz fransız bir xanımla ailə qursa, münasibətiniz necə olar?
– Əgər doğru seçim olarsa, niyə də olmasın. Mən çox vaxt uşaqlarımın qərarlarına təzyiq göstərirəm ki, görüm, onlar qərarlarından əmindirlər. Onlar qərarlarından əmin olanda, geri çəkilirəm. Bütün hallarda onların qərarına hörmət edərəm. Çünki bu onların həyatıdır.
– Övladlarınızla bağlı sonralar hansısa vicdan əzabı çəkmisiniz. Misalçn onlar uşaq olanda, sizdən nağıl danışmanızı istəyiblər, siz isə bunu edə bilməmisiniz…
– Bilirsiniz, biz yoldaşımın valideynləri ilə birgə yaşamışıq. Onlar nəvələrini çox seviblər. Qayınanam mənim uşaqlarımı saxlayıb və mənim edə bilmədiklərimi o, kompensasiya edib. Həmişə rahat olmuşam ki, mən olmasam da, onlar var. Ömrümün sonuna qədər onlara minnətdaram ki, onlar mənə işləməyə, özümü göstərməyə, sübut etməyə şərait yaratdılar. Mən onların əməyini heç vaxt itirə bilmərəm.
– Siyasət və qadın sizcə nə qədər bir-biri ilə uyğunluq təşkil edir?
– Bu gün əgər səmimi söhbət ediriksə, həqiqət budur ki, bizdə dediyimi o peşəkar siyasət hələ ki, yoxdur. Yəni Amerikada, elə Türkiyənin özündə gedən siyasi proseslər, gərginliklər bizdə yoxdur. İkincisi Azərbaycan cəmiyyətində və siyasi elitasında qadınlara hörmət və güzəşt var ki, Azərbaycan qadınları siyasətdə olmalarına baxmayaraq, çox vaxt siyasətə qarışmırlar. Bunu onlar özləri də dəfələrlə qeyd ediblər.
– Amma siyasətdə olan kifayət qədər qadınlarımız var…
– Var, amma bu onların siyasətlə məşğul olması demək deyil (gülür).
– Bəs nədir?
– Düşünürəm bunu hamı bilir. Cavabını bildiyiniz şeyləri məndən soruşursunuz. Görünmək hələ siyasətlə məşğul olmaq demək deyil. Siyasət gərgin sahədir, siaysəti gərək sevəsən, taktikaları biləsən. Müsalçün müxalif partiyalardan olan qadın siyasətçilər mən parlamentdə olan dövrdə parlamentdə yox idilər. İndi də yoxdur. Hakim partiyanı təmsil edən qadınlarımız isə əvvəldən siyasətlə məşğul olmayıblar və siyasi post rəhbəri də deyillər. Ona görə də bu məsələlərdə ilişirik.
– Ziyalını və siyasətçini yetişdirən həm də ədəbiyyatdır. Siz ədəbiyyatla nə qədər ünsiyyətdəsiniz?
– Mən sovet təhsilinin on ilini görmüş adam kimi ədəbiyyata bağlı adamam. Çünki o dövrdə bir ideologiya vardı, oxumaq. Biz də hamımız kitablarla böyümüşük. Mən çox, hətta deyərdim, həddindən artıq çox kitab oxumuşam. Yaxşı qələmim də var, amma yazmaq istəmirəm. əvvəllər bir neçə şeir yazmışam, amma heç vaxt gün üzünə çıxarmamışam.
– Saxlamısınız?
– Yox. Bir şeirimi hədiyyə etmişəm ki, mənim adımdan olmasın. Hərşeyşünas olmaq istəmirəm. Onu özümə yaraşdırmıram. Məqalələr yazmışam. Gec-gec yazsam da, bəyənilib, mediada müzakirə olunub. Bir az mükəmməlliyi sevirəm. Əgər nəyisə edəcəyəmsə, mütləq onun yaxşısını etməliyəm. Ortada qalmağı sevmirəm. Lap gələcəkdə yazsam da, nə şair, nə də yazıçı olan deyiləm. Çünki həmin kontingentin adamı deyiləm.
– Bayaq dediniz çox mütaliə etmisiniz. Ədəbiyyat sizə nə qazandırıb?
– Çox şey. Ən birinci danışmağı öyrədib. Mən gözəl nitqimi mütaliəyə borcluyam. Ədəbiyyat mənə düşünməyi, həyatı sorğulamağı öyrədib. Tərbiyə, əxlaq, düzgünlük prinsiplərini formalaşdırıb. Ümumiyyətlə həyatımda hər şeyimi kitaba borcluyam.
– Sonuncu dəfə kimi oxumusunuz?
– Den Braunu oxumuşam. Həyatımda müəyyən dəyərləri formalaşdıran yazıçılar var. Dümanı çox sevirəm. “Qraf Monte Kristo” əsərini rus dilində dönə-dönə oxumuşam. Marqaret Mitçelin “Küləlkə sovrulanlar” əsərini də dəfələrlə sona qədər oxumuşam. Filmdə roman yarıya qədər çəkilib. Bu roman qəhrəmanlarının bir ideyası olub, o da həyatda qalmaq. Onlardan həm də bu xüsusiyyəti öyrənmişəm.
– Rus dilində mütaliə etdiynizi dediniz. Rus ədəbiyyatından kimləri sevirsiniz?
– Mən rus yazıçılarını sevmirəm.
– Niyə?
– Nə bilim. Klassik ədəbiyyatı sevirəm. Amerika ədəbiyyatını çox sevirəm, ona görə ki, əkşin, həyəcan var (gülür). Amerika ədəbiyyatını gəncliyimdə çox oxuyurdum. Bir də Çingiz Abdullayevin romanlarını. Amma müəyyən yaşdan sonra onun romanlarına marağım itdi. Standart təsir bağışladı. Müasir yazıçılardan bəzilərinin yazdıqlarını oxudum, xoşuma gəlmədi. Bizim yeni yazarlarımız özlərini sosial şəbəkələrdə, Yutub səhifəsində reklam edə bilmirlər. Misalçün Xəzər Süleymanlını tanıyıram. Ona görə ki, şeirlər səsləndirir, yutubda qarşıma çıxır. İndi kim oxuyur? Nə qədər adam kitab alır? İndi kitab çox bahadır. Ona görə də heç kim kitab almır. İndi hamı sosial şəbəkələrə yönəlib. Demək ki, həmin sahədən yararlanmaq lazımdır. Misalçün Elçin Mirzəbəyli, Emil Rasimoğlu, Tural Turan öz şeirlərini həmişə sosial şəbəkələrdə paylaşırlar, mən də ordan oxumuşam, bəyənmişəm. Azərbaycan yazıçısı yazdığını sata bilmir, bunu bacarmır.
– Adlarını çəkmək istəmədiyiniz müəllif kimlər idi?
– Ad deməyəcəm, amma bəyənmədim. Bilirsiniz, sovet dövrünün yazıçıları çox fərqlidir. Salam Qədirzadənin novellalarını və yaxud da “Qara Volqa” əsərini xatırlayın. Onlar maraqlı idi. Müharibə dövrü haqqında yazılan əsərlər belə hansı ki, sovet ideologiyası ilə yazılırdı. Lakin, o əsərlər də insanı düşündürə bilirdi. Bilmirəm, bəlkə mən çox klassik əsərlər oxumuşam, ona görə indikiləri bəyənmirəm. Filmə baxmağı çox sevirəm. Ən çox Amerika aktyorlarının çəkildiyi filmləri izləyirəm. Bir az da adrenalini sevən insanam.
– Amma görüntü olaraq çox sakit, zərif insan təsiri bağışlayırsınız…
– Yox, əksinədir. Mənim bütün həyatım Konfutsinin bir cümləsi ilə keçib. “Məni öldürməyən hər bir şey məni daha güclü edir”.
– Həyatınızda sizi öldürəsi şeylər çox olub?
– Ümumiyyətlə mən çətin həyat yaşamışam. Ailəmlə bağlı çox şey tanışmaq istəmirəm. Amma ümumən rahat həyatım olmayıb. Görünən parıltının arxasında asan şeylər olmayıb. Həyatda heç bir şeyi bəxşiş kimi mənə verməyiblər. Özümün əməyim çox olub.
– Müsahibələrinizdə atanızı çox istədiyinizi deyirsiniz…
– Elədir. O, mənə, mən də ona çox bağlı olmuşuq. Evin tək qızı olmuşam. Amma heç vaxt bacımın olmasını istəməmişəm. Hətta ikinci qızım dünyaya gələndə, ağlamışam.
– Niyə?
– Bilmirəm. Azərbaycan cəmiyyətində qadın olmaq asan deyil. Üstəlik də uğurlu və gözəl qadın olmaq hər mənada çox çətindir.
– Amma bunu bacaranlar var…
– Əlbəttə bacaranlar var, həmişə də olacaq. Amma o uğurun arxasında da əzab əziyyətlər, iztirablar var. Hər şey göründüyü kimi deyil. Amma görünməyənin qaranlıq tərəfləri də çoxdur. Ümumiyyətlə qadın olmaq bütün cəmiyyətlərdə çətindir, amma Azərbaycanda bu daha qabarıqdır. Patriarx cəmiyyətik. Ziddiyyətlərimiz və təzadlarımız çoxdur. Bizdə qadın zəif bənddir, amma eyni zamanda ona zülm edirik. Bunun yeganə çıxış yolu isə təhsildir. Ümumiyyətlə mənə elə gəlir ki, bu həyatda hər şeyin yeganə çıxış yolu təhsildir. Qadın ağıllı, oxumuş, dünyagörüşlü olmalıdır. Belə olanda qadın ailə həyatını da qoruya bilir.
– Bizdə ailə modeli çox əhəmiyyətlidir. Amma Avropa ölkələrində artıq bu model yoxa çıxmaq üzrədir.
– On, on beş ildən sonra bizdə də ailə modeli qalmayacaq. Çünki bu qlobal və mənəvi dəyərlərin aşınması problemidir. Bizdə də özünü yavaş-yavaş büruzə verəcək. İndiki gənclərlə biz eyni düşünmürük. İndiki gənclərin empatiya hissi yoxdur. Sadəcə müsəlman dövlətlərində ailəyə baxış fərqlidir, mühafizəkardır, ona görə biz ailəni hələ ki, qoruya bilirik.
– Örnək alacağınız siyasətçi xanımlar olub?
– İngiltərənin baş naziri Marqaret Tetçeri. Onun həyatı haqqında çox oxumuşam, haqqında çəkilən filmlərə baxmışam. O, əzmkarlığı, iradəsi və verdiyi qərarlarla mənim üçün həmişə ideal qadın obrazı olub.
– Bəlkə onda da görünən tərəf imiş…
– Amma hər bir halda yaxşı görüntüsü olub. Onun həyatından nələrisə əxz etdiyimi deyə bilmərəm. Çünki başqa cəmiyyətlərin insanlarıyıq. Amma Tetçerdə məni cəlb edən onun doğrudan dəmir iradəli qadın olması olub. Ümumiyyətlə siyasət mənə görə seçimdir. Qadınlar bu baxımdan daha ağıllıdırlar. Onlar sadəcə olaraq çox emossionaldırlar. Bu qadınları çox geri atır. Bunun üçün çox böyük çətinliklərdən, əzablardan keçmək lazımdır. İnsan həyata qarşı laqeydləşəndə, onun emossiyaları da azalır. Bir də bizim qadınlarımız çox güzəştə gedir. Siyasət bir növ cəngəllikdir. Siyasət elə bir sahədir ki, gəldin gedə bilmirsən.
– Azərbaycan qadınları nədə güzəştə gedir?
– Hər şeydə. Bizim qadınların böyük əksəriyyəti belədir. Bizim qadınlarımız çox mərhəmətlidir. Ona görə Azərbaycan siyasətində, idarəçiliyində qadın nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bununla kişilərə qarşı fikir bildirmək istəmirəm. Amma Azərbaycan qadınları cəmiyyətdəki proseslərə yanaşmada düzgün qərarlar verə bilir. Bizim dövrümüzdə bizi ailədən çox, məktəb tərbiyə edirdi. O, vaxtı təhsil bizi elə formalaşdırırdı ki, biz ordan artıq bir şəxsiyyət kimi formalaşıb çıxırdıq. İndi isə elə deyil, dəyərlər dəyişib. İndi ailədə uşaqları bir nəfər tərbiyə edir, o, da anadır. İndi ata bütün günü qazanc ardında, uşaqlar isə repetitor yanındadır. Repetitorlar onlara bilik verir, bəs şəxsiyyətin, dəyərlərin formalaşmasını kim edəcək? Biz sanki bir burulğana düşmüşük. Yəqin ki, bu bir müddət, bizim ictimai şüurumuz formalaşana qədər belə davam edəcək. Düşünmürəm ki, Azərbaycanda ictimai şüur hələ kifayət qədər formalaşıb. Yəqin ki, bu müsahibədən sonra məni topa tutacaqlar, amma vəziyyət belədir.
– Özünüzü indiki statusda, yaşda özünüzü rahat hiss edirsiniz?
– Bəli. Mənim üçün mənəvi rahatlığım hər şeydən üstündür. Bu mənada özümə arxayınam. Əgər rahat olmayacaqdımsa, niyə yaşayıram. Narahat, gərgin həyatı sevmirəm. Hüzuru xoşlayıram. Bəlkə buna görə evdaram, ailəcanlıyam. Nə yalan deyim, özüm haqqında yüksək düşüncələrim çoxdur. Soyuqqanlı və emossiyalarımı idarə edən biriyəm. Gənclikdə çox çılğın olmuşam, amma zamanla həyat mənə emossiyalırımı idarə etməyi, laqeydləşməyi öyrədib. Özümü kifayət qədər müdrik, ağıllı və təmkinli qadın sayıram. Kifayət qədər səbrli adamam. Və qərarlı adamam. Ola bilər, bir az gec qərar verim, amma heç vaxt qərarımdan dönmərəm. Bu çox nadir hallarda ola bilər.
– Verdiyiniz qərarlar sizə zərər vursa da?
– Verdiyim qərarlar mənə zərər vurmur, çünki çox düşünürəm və yekun qərar verirəm. Həyatımın yarısı taleyə bağlıdırsa, yarısı da mənim özümə bağlıdır. Taleyə də çox inanıram, bəzi şeylər qismətdir, ondan qaçmaq olmur. Mənim öz həyatımda çox hadisələr olub ki, çox dirənmişəm olmamasına qarşı. Amma alınmayıb, baş verib. Demək ki, bəzi eylər əməklə, dirənişlə yox, tale ilə bağlıdır. Amma allahımdan razıyam, özümü həyatda şanslı və xoşbəxt adam sayıram. Gözəl ailəm və həddindən artıq ağıllı övladlarım var.