Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Ermənistan parlamentinin sədri Ararat Mirzoyana açıq məktub ünvanlayıb. Azərbaycanla Ermənistan arasında sərhədin 32 il əvvələ aid keçmiş Sovet İttifaqının sərhəd nişanlarına əsasən tərtib edildiyini xatırladan Ohanyan məktubda parlament sədrinə suallar da verib.
Sullardan birində Ohanyan Qarabağla bağlı məqama toxunub: “Güman edirəm ki, siz Ermənistan “Artsax”ının 1921-ci ildə Stalinin əmri ilə Azərbaycana təslim edildiyini bilirsiniz”. Göründüyü kimi, bu sualla Ohanyan Dağlıq Qarabağın 1921-ci ildə Stalinin göstərişi ilə Azərbaycana verildiyini iddia edir.
Saxta.info Ermənistanın sabiq müdafiə nazirinin bu iddiası ilə bağlı tarixi sənədlər əsasında araşdırma aparıb. Seyran Ohanyanın xatırlatdığı tarixlə (1921-ci il – red) bağlı arxivdə konkret sənəd mövcuddur. Söhbət Rusiya Kommunist (bolşeviklər) Partiyası RK(b)P Mərkəzi Komitəsinin (MK) Qafqaz Bürosunun 1921-ci ilin 5 iyul tarixində keçirilən iclasından gedir. Həmin iclas RKP MK üzvü Stalin, Qafqaz Bürosunun üzvləri Orconikidze, Kirov, Oraxelişvili, Fiqatner, Nərimanov, Myasnikov və Azərbaycan SSR Xalq Xarici İşlər Komissarı Hüseynovun iştirakı ilə keçirilib. Və iclasda Ohanyanın iddia etdiyi kimi – Dağlıq Qarabağın Ermənistandan alınıb Azərbaycana verilməsinə deyil, Azərbaycan Sovet Sosialist Respublikası sərhədlərində saxlanılmasına dair qərar verilib. Qərarda deyilir: Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyindən və yuxarı və aşağı Qarabağın Azərbaycanla kifayət qədər iqtisadi əlaqələrini nəzərə alaraq Dağlıq Qarabağ ASSR tərkibində saxlanılsın, ona muxtar vilayətin tərkibində saxlanılan, inzibati mərkəzi Şuşa ş. olmaqla geniş vilayət muxtariyyəti verilsin. Səs verirlər – 4 lehinə, 3 bitərəf.
2) Azərbaycan MK-ya tapşırılsın ki, sonradan RKP MK Qafbürosunun təsdiqinə verməklə muxtar vilayətin sərhədlərini müəyyən etsin.
3) RKP MK Qafbürosunun Rəyasət Heyətinə Dağlıq Qarabağın Fövqəladə Komitəsinə namizəd haqqında Azərbaycan və Ermənistan MK ilə danışıq aparması tapşırılsın.
4) Azərbaycan MK tərəfindən Dağlıq Qarabağın muxtariyyət həcmi müəyyən edilsin və təsdiq üçün MK Qafbürosuna təqdim edilsin.