Televiziyalar ayrılan vəsaitlə normal proqramlar hazırlamalıdırlar
“Yardım hesabına teleməkanda insanların maariflənməsinə, ümumi səviyyənin yüksəlməsinə, dövlətçilik və milli məsələlərə həsr olunmuş proqramların hazırlanmasına üstünlük verilməlidir”
Milli Televiziya və Radio Şurasından (MTRŞ) televiziyalara ayrılan maliyyə yardımının həcmi məlum olub. MTRŞ-nin 2018-ci il üzrə maliyyə hesabatında bildirilib ki, Şura tərəfindən telekanallara 3 milyon manat həcmində maliyyə yardımı və sair transfer ödənişləri edilib. Hər zaman televiziyalara maliyyə yardımı gündəmə gələndə, o cümlədən seriallar üçün pul ayrılanda paralel olaraq telekanalların büdcədən ayrılan vəsaiti təyinatı üzrə sərf edib-etmədiyi, üzərinə götürdüyü öhdəliyi və ümumi fəaliyyəti müzakirə mövzusu olur. Uzun illərdir, media ekspertləri, eləcə də cəmiyyət özəl telekanalların fəaliyyətini, xüsusən proqram tərtibatını ciddi şəkildə tənqid ediblər, öz iradlarını bildiriblər. İzləyicilər efirlərdə maarifləndirici verilişlərə yer verilmədiyini, səviyyəli proqram və serialların çəkilmədiyini iddia ediblər.
Ancaq bir sıra televiziyaçılar birbaşa telekanalların tənqid olunmasını düzgün saymırlar və burada başqa məqamların olduğunu da vurğulayırlar. Onların fikrincə, birtərəfli şəkildə telekanalları qınayıb, küncə sıxa bilmərik. Çünki onların doğrudan da bir yaşam mücadiləsi verdiyini anlamalıyıq. Çoxsaylı işçi kollektivini, texniki təchizatı ayaqda tutmaq, eyni zamanda yeni texnologiyaların tətbiq olunması üçün addımların atılması külli miqdarda vəsait tələb edir. Ona görə də televiziya kanalları mümkün yollardan istifadə edərək çalışırlar ki, özləri üçün əlavə gəlirlər əldə etsinlər. Bu gəlirlərin əldə edilməsi bəzən bir qədər auditoriya seçiminin keyfiyyətinə təsir edir.
Ona görə də intellektual səviyyəsi aşağı olan, nisbətən ucuz şou dediyimiz verilişlərə üstünlük verməklə daha geniş kütləyə xitab edə bilirlər. Ekspertlərin fikrincə, bu, bir keçid mərhələsidir. Çünki 1990-cı illərin sonlarında Azərbaycanda qəzetçilikdə belə bir şey var idi. Yəni qəzetlər öz mövcudluqlarını qorumaq, pul qazanmaq və ümumiyyətlə, ciddi oxucu auditoriyasını toplaya bilmək üçün bir müddət nisbətən ucuz şoular arxasınca qaçmağa başladı. Hətta ən ciddi qəzetlərin belə, “sarı mətbuat” dediyimiz əlavələri çıxmağa, yaxud krossvordla birlikdə dərc olunmağa başladı. Bununla əlavə vəsait qazanaraq ciddi mətbuatı yaşadırdılar.
Amma zaman keçdikcə “sarı mətbuat” faktiki olaraq aradan çıxarıldı. Hazırda ortada olan ən təsirli mətbuat ciddi mətbuatdır. Yəni intellekti yüksək olan, həqiqi mənada normal, doğru xəbərçiliyə qiymət verən insanların oxuduğu mətbuatdır. Televiziya kanallarımızda da belə bir mərhələnin keçirilməsi qaçılmazdır. Ən əsası isə bu sahədə dövlətin dəstəyinə, eyni zamanda intellektual auditoriyanın toplanması üçün peşəkarların cəlb olunmasına böyük ehtiyac var. Hazırda faktiki olaraq televiziya kanallarımızın əksəriyyəti peşəkarların qıtlığından əziyyət çəkir. Bəzən jurnalistika, ümumiyyətlə, auditoriya ilə işləmək bacarığı, oxumaq mədəniyyəti, səviyyəsi yüksək olmayanlar efirə çıxıb verilişlər aparır, təqdimatlar edirlər. Bu da ucuz verilişlərin əmələ gəlməsinə səbəb olur. Bu məsələləri həll etmək üçün dövlətin dəstəyi ilə yanaşı, cəmiyyət olaraq özümüz də yardımçı olmalıyıq. Bir sıra şəxslərin düşüncəsinə görə, maarifləndirici verilişlər də cansıxıcı olmamalıdır. Yəni istənilən verilişin görüntü, vizual, eyni zamanda əyləncə tərəfi də nəzərə alınmalıdır. Elə format seçilməlidir ki, tamaşaçını ekrana bağlasın, tamaşaçı yorulmasın. İndiki texnologiyalar şəraitində bunu etmək çox asandır. Sadəcə olaraq bir qədər düşünmək, yaradıcı yanaşmaq, tamaşaçını duymağı bacarmaq lazımdır.
Mövzunu “Şərq”ə dəyərləndirən Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib ki, dövlət həm Milli Televiziya və Radio Şurası vasitəsi ilə ölkədə fəaliyyət göstərən televiziya kanallarına, həm də KİVDF xətti ilə yazılı mediaya maddi yardım göstərir, öz dəstəyini verir:
“Dövlətin iqtisadi inkişafı, büdcəsi imkan verir ki, sosial-iqtisadi layihələrlə yanaşı, ölkənin KİV-lərinə də müəyyən məbləğdə yardım edilsin. Bu, öz-özlüyündə çox müsbət və təqdirəlayiq addımdır. Amma çox təəssüflər olsun ki, nəticələr ictimaiyyətin gözlədiyi kimi deyil. İndiki halda MTRŞ tərəfindən telekanallara xeyli vəsait ayrılır. Həmin vəsait Şuranın deyil, dövlət büdcəsinin təyinatlı puludur. Təyinatda göstərilir ki, yardım hesabına teleməkanda insanların maariflənməsinə, ümumi səviyyənin yüksəlməsinə, dövlətçilik və milli məsələlərə həsr olunmuş proqramların hazırlanmasına üstünlük verilməlidir. Ümumiyyətlə, bu tipli verilişlərin hazırlanmadığını demək olmaz, müəyyən verilişləri efirlərdə görürük.
Amma bütövlükdə mövcud vəziyyət bizi qane etmir. Hər halda aksiomadır ki, ölkə əhalisinin böyük əksəriyyəti yerli telekanallardan daha çox rus və türk efirlərini izləyirlər. Düzdür, yerli kanallarda çoxlu sayda reytinq qazanan şou proqramlar var.
Lakin bu şoular bizim istəyimiz səviyyəsində deyil. Bu baxımdan düşünürəm ki, pulların ayrılması prosedurunda bir qədər sərtləşmə olmalıdır. Əgər telekanallara ayrılan pullar nəticələr üzrə xərclənmirsə, il boyu həmin kanalda irəliləyiş yoxdursa, deməli, şərtlər dəyişməlidir. Araşdırmaq lazımdır ki, il ərzində televiziya kanalında yeni verilişlərin sayı və reytinqi nə qədər olub, proqramı izləyən tamaşaçılar varmı? MTRŞ-nin monitorinq qrupu bu işi araşdırmalı və nəticələri ortaya qoymalıdır. Əgər televiziya rəhbərləri bilsələr ki, təyinatı üzrə xərclənməyən pullar onlardan geri alınacaq, o zaman fəaliyyətlərində dəyişiklik edərlər”.
Y.Məmmədlinin sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda bütün sahələrdə olduğu kimi televiziyalarda da reklam bazarı genişlənməlidir:
“Bazar münasibətləri liberallaşmadığı müddətcə, telekanallarda bizi narahat edən məqamlar aradan qalxmayacaq. Əslində həm MTRŞ-nin, həm də televiziya nəzdində yaradılan bədii şuraların bu işə nəzarət etmək səlahiyyəti var. MTRŞ ilə yanaşı, bədii şuralar da maliyyə məsələsinə nəzarət etməlidir. Çünki şuranın yaradılmasının məqsədlərindən biri də maarifləndirici verilişlərin sayının artmasına xidmət etməkdir. Bədii şuralar senzura üçün yaradılmayıb. Hər proqramla bağlı öz fikrini bəyan etmək, doğru rəy vermək üçün təşkil olunub. Yeri gələndə qətiyyətlə bildirməlidirlər ki, hansısa verilişlər bütövlükdə cəmiyyətin inkişafına yardım eləmir, onları efirdən qaldırmaq lazımdır. Eyni zamanda MTRŞ-nin tabeliyindəki monitorinq qrupu ayırdıqları maliyyəyə sonadək nəzarət etməlidir. Ən azı telekanallar onlara ayrılan vəsaitə ciddi nəzarət edildiyini və nəticələrin ictimaiyyətə açıqlandığının fərqində olarlar”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət də “Şərq”ə açıqlamasında bildirib ki, cəmiyyətin hesabat tələb etməsi normal hadisədir:
“Azərbaycan şəffaf, demokratik və liberal bir ölkədir. Hər kəs atdığı addımda sərbəstdir, lakin addımlarına görə hesabat verməyə də borcludur. Xüsusən, ortada dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsi məsələsi varsa, mütləq şəkildə onun haqqında cəmiyyətə məlumat verilməlidir. Televiziya kanallarımızın MTRŞ tərəfindən ayrılan maliyyənin ayrıntılı hesabatını cəmiyyətə təqdim etməsi ilk növbədə telekanalın və ümumi işin xeyrinə olacaq. Şəxsən özüm bu sahənin adamı olsam da, detallı şəkildə maliyyənin hansı kanala nə qədər verildiyi, hara nə qədər xərcləndiyi, dövlətin öhdəliyinin yerinə yetirilib-yetirilməməsi barədə məlumata sahib deyiləm. Düşünürəm ki, hesabatla cəmiyyət məlumatlandırılarsa, bütün söz-söhbət aradan qalxar. Həmçinin, dövlətin ayırdığı maliyyənin nə qədər effektiv olması barədə ekspertlərin yekun fikirləri formalaşar. Detallı məlumatlar olmadığına görə, məsələ ilə bağlı dəqiq nəsə deyə bilmirik”.
A.Həsrət vurğulayıb ki, MTRŞ maliyyəni verdikdən sonra pulların hara xərclənməsinin monitorinqini aparır:
“Yəni maliyyənin təyinatına uyğun xərclənib-xərclənməməsini müəyyən edə bilir. Amma Bədii Şuranın bu məsələyə qarışmaq ixtiyarı yoxdur. Çünki Bədii Şuranın funksiyası fərqlidir. Şura proqramların keyfiyyəti, milli-mənəvi dəyərlərin qorunması və s. məsələlərlə məşğul olur. Ona görə də MTRŞ-nin telekanallardan hesabat tələb etmək səlahiyyəti daha realdır. Eyni məsələni qəzetlərlə bağlı KİVDF həyata keçirir. Fond konkret istiqamətlər üzrə maliyyə ayırır və qəzetlərdən də onun hesabatını tələb edir. Televiziyalarımız da bu təcrübədən istifadə etsələr, daha məqsədəuyğun olar”.
Tanınmış jurnalist Əziz Əlibəyli də tamaşaçı kimi “Şərq”ə bildirib ki, ölkədə funksional kanallar çox uğurludur: “İdman TV, CBC Sport, Mədəniyyət kimi kanallar izlənilir. Ümumiyyətlə, TV-lər inkişaf etmiş cəmiyyətlərdə sosial institut aləti hesab olunur. Televiziya cəmiyyətin güzgüsüdür. Bizim televiziyalarımız efir setkalarını quranda hədəf kütləsini necə seçirlər? Niyə Azərbaycan tamaşaçısı türk, rus, Avropa kanallarına baxır?
TV-lər ilk növbədə buna cavab versinlər. Ölkədə faktiki olaraq televiziyaların vəziyyəti ağırdır. Niyə tamaşaçının zövqünə görə işlərini qura bilmirlər? Biz sosial yönümlü dövlət qururuq. Ancaq efirlərdə bununla bağlı atılan addımların müzakirəsi, debatı yoxdur. Axı tamaşaçı kütləsinə nə qədər primitiv materiallar, qurşaqdan aşağı şou məhsullar, ucuz musiqi proqramları maraqlıdır?! Xalqımız dünyanın maarifləndirici proqramlarını hava-su kimi udur. Efir cəmiyyətdəki dəyişikliklərə adekvat olmalıdır. Ayrılan vəsaitlər də intellektual mühit üçün xərclənməlidir. Amma biz bunu görmürük. Televiziyaların yanaşması dəyişməlidir. Təcili surətdə müzakirə mühiti bərpa edilməlidir”.
Hokm.az
















