Şeirlərimiz dünya liderlərinin qəlbini FƏTH EDİRbackend

Şeirlərimiz dünya liderlərinin qəlbini FƏTH EDİR

Azərbaycan şairlərinin şeirləri zaman-zaman dünya liderlərinin dilindən səslənərək siyasi  rezonans yaradıb. Bu cür hadisələr Azərbaycan poeziyasının gücünü və onun yaratdığı təsiri göstərir.

İkinci Qarabağ müharibəsindən sonra 2020-ci ilin dekabrında Bakıda keçirilən Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Arazı ayırdılar” misralarını səsləndirmişdi. Cənubi və Şimali Azərbaycanın birliyinə işarə edən bu şeir İranın rəsmi dairələrində narazılıqla qarşılanmış, Tehran-Ankara münasibətlərində gərginliyə səbəb olmuşdu. İran Xarici İşlər Nazirliyi Türkiyəyə nota vermiş, lakin Ankara bu reaksiyanı əsassız saymışdı.

Bunun ardından Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı “Ay, Laçın” şeirini səsləndirib. Qeyd edək ki, Ərdoğan Bəxtiyar Vahabzadədən, Hüseyn Caviddən də şeirlər səsləndirib.

2024-cü ildə isə İranda keçirilən prezident seçkilərində iştirak edən Məsud Pezeşkian Azərbaycanlı şair Məmmədhüseyn Şəhriyarın şeirlərini tez-tez səsləndirib. Seçki kampaniyası dövründə dəfələrlə “Heydərbabaya salam” şeirindən parçalar oxuyan Pezeşkian prezident seçildikdən sonra da bu ənənəni davam etdirib. Onun bu addımı İranın azərbaycanlı icması tərəfindən müsbət qarşılanıb.

Bu ilin fevralın 16-da Pezeşkian Təbrizdə keçirilən mədəniyyət həftəsinin bağlanış mərasimində yenidən “Heydərbabaya salam” şeirini oxuyub. Bu zaman bir nəfər ona yaxınlaşaraq nəsə söyləyib. Bu an sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Həmin şəxsin prezidentə nə dediyi tam olaraq bilinməsə də, bəzi mənbələr onun Pezeşkiana Azərbaycan türklərinin haqları ilə bağlı müraciət etdiyini bildirir.

Azərbaycan poeziyasının bu cür hadisələrdə siyasi və mədəni elementə çevrilməsi, onun təkcə ədəbiyyat deyil, həm də bir kimlik və milli şüur məsələsi olduğunu sübut edir.

Deputat Tənzilə Rüstəmxanlı bildirib ki, türkiyəli siyasətçilərin Azərbaycan şairlərinin şeirlərini səsləndirməsi onların ölkəmizə olan sevgisindən və səmimiyyətindən irəli gəlir. İranın indiki prezidenti Pezeşkianın isə Şəhriyyarın “Heydərbabaya salam” şeirindən iki bənd söyləməsi indiyədək görülmüş hadisə deyil:

“Əlbəttə burada siyasi maraq da var, hələ seçki kampaniyası dönəmində İranın indiki prezidenti “Mən türkəm” deyirdi. Ola bilər ki, o özünü Azərbaycan türkü hesab edir və bilir ki, Şəhriyar 30 milyon insan tərəfindən sevilir. Əlbəttə prezident olduqdan sonra Pezeşkianın azərbaycanlıların çox olduğu Təbrizdə bu şeiri oxuması, insanların ürəyində yer etməyə çalışması, Azərbaycana yönəlik münasibətlərin yaxşı olduğunu göstərmək istəməsi ilə də əlaqəli ola bilər”.

Deputat onu da vurğulayıb ki, Azərbaycan şairlərinin şeirlərinin siyasətçilər tərəfindən tez-tez səsləndirliməsi həm də ədəbiyyatımızın möhtəşəmliyindən xəbər verir:

“Şəhriyar böyük şairdir, hər bir halda İran, Türkiyə kimi qonşu ölkələrin tez-tez bu şeirləri oxuması Azərbaycan şairinin yaratdığı möhtəşəm əsərin ürəkləri fəth etməsi ilə əlaqəlidir. Şəhriyar da son 100 ildə Təbrizin yetişdirdiyi ən möhtəşəm xadimlərdən biridir. Əlbəttə Şəhriyar üzərindən xalqın könlündə taxt qurmaq istəyi ola bilər, buna da normal baxıram. Çünki Şəhriyar birləşdirici, o taylı – bu taylı Azərbaycanın həsrətini çəkən, xalqının dərdini şeirə tökən böyük, möhtəşəm şair, fikir adamıdır. Bu Azərbaycan şeirinin möhtəşəmliyinə verilən sayğıdır və bizi narahat etməli deyil, əksinə sevindirməlidir”.

  •  (0)
  •  (0)