Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylin Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) üzvləri ilə görüşüb.
BPC-nin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, səfirlikdə baş tutan görüşdə Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri Gülpəri Bayramova və klubda təmsil olunan 20-yə yaxın şirkətin rəhbəri, eləcə də diplomatik korpusun rəsmiləri iştirak ediblər.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə səfiri məlumatlandıran Gülpəri Bayramova bildirib ki, Azərbaycan Biznes Partnyorları Klubu (BPC) 2023-cü ilin fevral ayından fəaliyyətə başlayıb: “Hazırda 100-dən artıq kiçik və orta biznes subyekti BPC-nin kollektiv üzvüdür”.
O qeyd edib ki, ixrac prosesinin və “Made in Azerbijan” brendinin təşviq edilməsi, xarici bazarlara çıxışın təmin olunması, beynəlxalq ticari əlaqələrin artırılması missiyası ilə fəaliyyət göstərən BPC ötən dövr ərzində bir çox ölkələrlə, habelə Səudiyyə Ərəbistanından olan biznes tərəfdaşları ilə uğurlu təmaslar formalaşdırmağa müvəffəq olub. BPC üzvləri ilə Səudiyyə Ərəbistanına işgüzar səfərini xatırladan G.Bayramova səudiyyəli həmkarları ilə mühüm razılaşmalar əldə etdiklərini diqqətə çatdırıb.
Öz növbəsində qonaqları salamlayan səfir İssam bin Saleh əl-Cuteyli Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) fəaliyyətini yaxından izlədiklərini və ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrinin güclənməsində maraqlı olduğunu vurğulayıb. Əlavə edib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın dövlət müstəqilliyini tanıtan ilk ölkələrdən biridir və bununla da münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: “Azərbaycandan və Səudiyyə Ərəbistanından olan sahibkarlar arasında partnyorluq münasibətlərinin inkişaf etməsi bizi sevindirir” – səfir qeyd edib.
Görüşdə iştirak edən iş adamları fəaliyyət sahələri və iki ölkə arasında ticari əlaqələrin formalaşmasında iştirakından bəhs ediblər. Bildiriblər ki, neft-qaz, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm, ticarət sektorunda qarşılıqlı əlaqələrin artırılmasına ehtiyac var. Görüşdə iştirak edən iş adamları ilə şəxsən müzakirələr aparmağa hazır olduğunu bəyan edən diplomat Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri Gülpəri Bayramovaya və komandasına uğurlar arzulayıb.
Yekunda 2018-ci ildə “İlin rəssamı” adına layiq görülən Aygün Nağıyev tərəfindən hazırlanan “Qarabağ xalçası” Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) adından cənab səfirə hədiyyə olunub.