Mirağa Mirzəyev
Heyran olmuşam axı,
Qurban olmuşam axı,
“Şamaxı”, ay “Şamaxı”.
“Keşlə” bundan sonra “Şamaxı” adlanacaq. Bakılılar tarixi şəhəri təmsil edəcəklər. Bundan sonra Şamaxı rəsədxanasından ulduzlara boylanmaq lazım gəlməyəcək, çünki “ulduzlar” bu şəhərin ayağına gəlir.
Qədim diyarın indiyə qədər baxımsız qalan şirləri özlərini klubun loqosunda görəcəklər. Şəhər futbol ab-havası ilə alışıb yanacaq. “Qəbələ”nin tərəfdarları da yaxın şəhərin komandasına azarkeşlik etməyə başlayacaqlar. İsmayıllıdan, Oğuzdan, Qobustandan dəstə-dəstə insanlar axışıb artıq tarixin yaddaşına qovuşan “Keşlə”ni izləməyə gələcəklər. Mərəzə kəndinin çılğın tərəfdarlarından ibarət fan-klubun yaranması ilə “Keşlə”nin illərdir davam edən bütün mərəzlərinə əlac tapılacaq.
“Əcnəbi seyrə balonlarda çıxır,
Biz hələ avtomobil minməyiriz”, – deyən Mirzə Ələkbər Sabir boylanıb dəyəri beş qəpik olan yerli futbolçuların mindiyi, qiyməti on minlərlə ölçülən maşınları görəndə ovaxtkı “zarafat”ına görə utanacaq.
“Gətir, gətir, gətir ol kaseyi rəvanpərvər,
Götür, götür, götür ol çəngi, bir nəva göstər”, – deyən ustad Nəsiminin ruhunu hər mövsüm “kasa”, yəni kubokla şad edəcəklər. ÇL-in, AL-in kubokları lap böyük olur, bir az da qeyrət edib yekəsindən gətirəcəklər.
Klubun himni üçün Afət Fərmanqızının “Pəncü-şeş” mahnısını götürəcəklər. Axı o da Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə bəstələnib.
“Keşlə”nin adını dəyişib Şamaxıya köçməsi münasibətilə əslən bu şəhərdən olan keçmiş hakim və klub idarəçisi Tahir Süleymanovu, onun qardaşlarını – Məzahir və Mahir müəllimləri təbrik etmirəm. Qoy Süleymanov qardaşları inciməsin. Əvəzində böyük futbolun Şamaxıya qayıtması münasibətilə dahi sənətkarımız Alim Qasımovu, muğamları naləni əvəz edən Elnarə Abdullayevanı, gözəl ifaçı Zabit Nəbizadəni, muğam müsabiqəsindən tanıdığımız Xətai Hacıyevi, Mirələm Mirələmovu, Aşıq Əlini cani-dildən bağrıma basıram. Niyə? Bu sənətkarların futbola nə qədər dəxli varsa, “Keşlə”nin də Şamaxıya o qədər aidiyyatı var.