Son illərdə ilk dəfə idi ki, Şahdağ Turizm Mərkəzinə müştəri kimi gedirdim. İllərdir iş üçün gedib-gəldiyim bu mərkəzdə baş verənlər mənə çoxdan tanış idi əslində. Yəni gördüklərimdən sonra bir xeyli səbəbim var idi ki, Şahdağ təklifinə rədd cavabı verim, vermədim. Beləcə…
Nizamsız insanlar, nizamsız maşınlar və ümumiyyətlə nizamsızlıq…
Mərkəzə qalxanda ilk gördüyümüz bu oldu. Avtobuslar insanları mərkəzə daxil olmamış harada gəldi düşürür. Onlar isə digər maşınların hərəkətinə mane olaraq Şahdağa doğru üz tuturlar. Maşınların bir çoxu yolun kənarında saxlayıb və yenə də gediş-gəlişə mane olurlar. Bəziləri əks yola çıxır, yol kəsir və bundan heç də narahat deyil… Halbuki, Şahdağ Turizm Mərkəzində indi iki dayanacaq fəaliyyət göstərir. Mərkəzin nümayəndələri sıra ilə gözləməyi, daha sonra daxil olmağı təklif edir amma bunu dinləyən kim?
Kanatda siqarət çəkən oğlan, ağacı yerindən qoparmağa çalışan qız, maşından zibili çölə atan ağsaqqal…
Elə maşında sıramızı gözləyərkən müşahidə aparmağa başlayıram. Başımızın üstü ilə kanat xətti keçir və qeyd edim ki, kanatda siqarət çəkmək qəti qadağandır. Ancaq…İki gənc oğlan, çox rahatlıqla bunu edir, bitirdikdən sonra isə siqarət kötüklərini soyuqqanlılıqla aşağı atır, elə insanların keçdiyi yerə. 10-12 yaşlarında qız isə elə anasının yanındaca yolun kənarında əkilən, hələ böyüməyə fürsət tapmayan ağacı silkələyir, qoparmağa çalışır, ana isə susur…Biri uşağdı, biri gəncdi deyib özümü ovutduğum anda qarşıdakı maşının sağ qabaq şüşəsi açılır, Bakıdan Qusara qədər yığılan zibilin hamısı çölə atılır. Maşının sürücüsü yaşlı dayıdır. Axı niyə ağsaqqal, bəs sizdən götürməli olduğumuz nümunə?
Növbədə sonda duran növbə mədəniyyəti…
Kanat yollarına keçid bileti almaq üçün “növbədə” dayandım. Sözlə ifadə etmək çətin, ağır və təsirsizdir. Heç kim bir sıra ilə durmayıb. Sağdan və soldan gələn insanlar növbəni pozur, bir-birlərinə qışqırır, təhqir edirlər. Uşağı ayaq altda qalan kim, gödəkçəsi cırılan kim, bağırıb kassa şüşələrinə döyəcləyən kim…İlahi dedim, bu insanlar bir sıra ilə dursalar hər biri rahatlıqla keçid biletini alıb getmişdi axı, niyə belə edirlər?
Səbəblər, mənim düşündüyüm həll yolları…
Mərkəzin işçiləri demək olar ki, hər biri səbrlə və yorulmadan öz işini görməyə çalışırdı. Bir məsələni qeyd edib, yenidən mövzuya qayıdacam. İşçilərin bir çoxu öz aralarında Azərbaycan dilində danışmır. Bu məni həm bir turist kimi həm də vətəndaş kimi narahat etdi. Fikrimcə, Mərkəz heyəti öz üzərinə düşən işi görməyə çalışırdı amma faydası yox idi, çünki ziyarətçi sayı normadan iki dəfə çoxdur. Bunun da səbəbi daxili turlarla gələn insanlardadır. Ənənəvi və hərkəsin tanıdığı turizm şirkətlərindən başqa onlarla şəxs var ki, Facebook və İnstagram sosial şəbəkələri üzərindən Şahdağ turları satır, özü də 1 AZN mənfəətlə. Bu da mərkəzdə bu qədər sıxlıq olmasına gətirib çıxarır. Bir sual daha; bu qədər ziyarətçi Şahdağ Turizm Mərkəzinə lazımdırmı? – Xeyr. Onlar mərkəzin demək olar ki, heç bir xidmətindən istifadə etmir, əksinə infrastruktura ziyan vurur, qarı korlayır, sıxlıq və nizamsızlıq yaradır. Qış turizmi isə bahalı və sakit turizm növlərindədir.
Ona görə də mən, bu vəziyyətdən çıxış yolunu bəzi “turizm şirkətləri”nin və insanların bu mərkəzə girişinə qadağa qoyulmasında görürəm. Bununla yanaşı qara siyahı sistemi də tətbiq olunmalıdır. Bu məsələ bir müddət öncə aktual olsa da işlənmədi. İndi yenidən aktuallaşdırmaq lazımdır. Ona görə ki, Şahdağ Turizm Mərkəzinə qış mövsümündə bir çox ölkələrdən olan turistlər gəlir. Onların bu mənzərələrlə qarşılaşması mənə bir Azərbaycan Respublikasının vətəndaşı kimi utanc hissi verir. Mənim qeyd etdiyim faktları onlar da düşünür, öz ölkələrində danışırlar. Beləcə, bu illər ərzində görülən işlərin hamısı kölgə altına düşür.
Sonda isə gəlin biz özümüzü düzəldək ki, qarşı tərəfdən düzəliş tələb edə bilək. Əks halda özümüzə qoymadığımız hörməti heç kim bizə qoymayacaq…turizmplus.az