Sabiq FIFA referisi: “O, 3 ildir buradadır, ortaya kimi çıxarıb, Məsiyevi?”backend

Sabiq FIFA referisi: “O, 3 ildir buradadır, ortaya kimi çıxarıb, Məsiyevi?”

Cari mövsüm hakimlikdən xeyli şikayətlər oldu. Hələ mövsümün əvvəlindən başlayaraq bir çox oyunlarda nəzərəçarpan səhvlərə yol verən hakimlərlə bağlı klublar da etiraz səslərini ucaldırdılar. Elə fasilədən sonra da gərginlik davam etməkdədir.

AFFA-nın Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov hakim idarəçiliklərini şərh edib.

Hokm.az xəbər verir ki, o, Qaynarinfo-ya açıqlamasında “Sabah” – “Neftçi” matçında yaşananlarla yanaşı, digər məqamlara da toxunub:

“Keçirilən oyunlar kifayətdir ki, hakimliyin hazırkı durumuna qiymət verəsən. Fasiləyə qədər hansı proqnozu vermişdimsə, hamısı özünü doğrultdu. Demşdim ki, qışdan sonra gərginlik artacaq. Belədə hakim səhvləri də çoxalacaq. Fasiləyə qədər bir sıra maraqlı oyunlar oldu ki, hakimlər özlərini itirib səhvlərə yol verirdilər. Təbii ki, qış fasiləsindən sonra gərginlik çoxalır, medallar uğrunda mübarizə qızışır. Nəticədə hakim səhvləri üzə çıxır. Nəzərə alaq ki, fasilə dönəmində hakimlərin hazırlığı çox aşağı səviyyədə olub. Heç bir təlim-məşq toplantısı keçirilməyib. Belədə isə çox çətin olur. Çünki oyun praktikası lazımdır. Hesab edirəm ki, toplanış mütləqdir. Baxın, Rusiyanın 40 hakimi və 10 hakim-inspektoru hazırda Antalyada təlim-məşq toplanışındadır. Onlar bizdən nə savadsız, nə də zəifdir. Ancaq bizimkilər təlim-məşq toplanışına ehtiyac duymur. Nəticəsi də budur. Oyunlar böyük hakim səhvləri ilə yadda qalır. Kubokda və ölkə çempionatındakı matçlarda səhv arxasınca səhv buraxılır. Maraqlıdır ki, səhv edən hakimlər, heç nə olmamış kimi növbəti turda oyunlara çıxırlar. Onlar da arxayınlaşırlar ki, onsuz da səhv etsələr belə, növbəti turda meydana çıxacaqlar. Cəza tədbirləri görülmür. Yəqin yüksək qiymət verilir ki, növbəti oyunlara təyinat alırlar. Problemlər çoxalır. Düşünürəm ki, getdikcə də artacaq. Çünki medallar, avrokuboklara düşmək uğrunda mübarizələr zamanı gərginlik çox olacaq”.

Məmmədov “Sabah” – “Neftçi” matçında baş verənlərlə bağlı bunları dedi:

“Hələ bu matça qədər olan digər oyunlarda da xeyli səhvlər vardı. Məsələn, “Keşlə” – “Qarabağ” matçında “Qarabağ” 6:0 hesablı qələbə qazandı. Amma 80-ci dəqiqədə “Qarabağ”ın qapısına penalti verilməli idi. “Sabah”ın “Qəbələ”ni 3:0 hesabı ilə məğlub etdiyi oyunda birinci qolun müəllifi Coy-Lens Mikels qırmızı vərəqə ilə meydandan qovulmalı idi. Bu matçların hər ikisini isə eyni hakim – Elçin Məsiyev idarə edib. Yaxud Kamal Umudlu “Neftçi” – “Qarabağ” oyununda Almeydanı ikinci sarı vərəqə ilə meydandan uzaqlaşdırmalı idi. Yenə də bir neçə gündən sonra həmin Kamal kubokda “Sumqayıt”la “Qəbələ”nin oyununda “Qəbələ”nin qapısına olmayan penalti təyin etdi. O ki qaldı “Sabah” – “Neftçi” matçına, 75-ci dəqiqədən sonra hakimin səhvəri oldu. Bu da praktikanın olmamasından irəli gəlirdi. Hakim meydanın mərkəzində baş verən hadisə zamanı, Eddi İsrafilovun hərəkətinə dərhal reaksiya göstərməli idi. Yəni, Eddiyə sarı vərəqə göstərməliydi. Hakim yalnız bir neçə saniyədən sonra oyunu saxlayıb İsrafilovu cəzalandırdı. Ancaq Eddiyə qırmızı vərəqə verilməməliydi. Çünki futbolçunun ayaqları yerdən üzülməmişdi. Sadəcə, düşüncəsiz hərəkət etmişdi. Buna görə də sarı vərəqə göstərilməli idi. Sərt oyun? Buna görə ümumiyyətlə vərəqə göstərilmir. Sərt oyuna icazə verilir. Eddi isə kobud oynamışdı. Hakim doğru, amma gecikmiş qərar vermişdi. Bunu dərhal etmək lazımdır. Lakin Eddiyə həmin anda qırmızı vərəqə verilsə belə, düşünürəm ki, qərar dəstəklənərdi. Aleksey İsayevin qırmızı vərəqə görməsi tamamilə doğru idi. Səlahətə qırmızı vərəqə göstərməyə ehtiyac yox idi. Məhz bundan sonra aləm bir-birinə dəydi. Səlahət belə cəzalandırılmasaydı, sonradan nə “Sabah”ın baş məşqçisi Murad Musayev qovulardı, nə də başqa hallar yaşanardı. Küləvi qarşıdurma zamanı qapıçıya və “Neftçi”nin müdafiəçisi Stankoviçə sarı vərəqə göstərmək də kifayət idi. Demək olar, hər ikisinin hərəkətinin mahiyyəti eyniydi. Sən “Sabah”ın bir oyunçusunu qovmusan. Qapıçıya da eyni vərəqəni göstərirsənsə, komandanın “fərmanın” vermiş olursan. Orada başqa bir oyunçu var ki, hamının gözündən yayındı. Söhbət Zürab Oçiqavadan gedir. İsrafilov yerdə qalarkən açıq şəkildə gəlib onu əzir. Ona qırmızı vərəqə verilməli idi. Ümumiyyətlə, Oçiqava özünü çox pis aparır. Oyunun sonunda da hakimlə çox kobud şəkildə görüşdü”.

Maraqlıdır, sabiq FİFA referisi daha hansı səhvləri görüb:

“Açığı, statistika aparmamışam. Amma bütün oyunlarda səhvlər var. Qırmızı vərəqə, penalti qərarı çıxarmayanlar var. Yaxud səhv penalti qərarı verən var. Digərlərinə nisbətən Əliyar Ağayevin idarəçiliyi xoşagələndir”.

Son vaxtlar hakimlərin səhvlərinin çoxluğu futbol ictimaiyyətində müxtəlif fikirlər formalaşdırıb. Hətta qərəzli idarəçilik etdiklərini ortaya atanlar də var. Bəs veteran hakim bu haqda nə düşünür:

“Məncə, səhvlər var. Düşünmürəm ki, kimsə çıxıb qərəzli hakimlik etsin. Çünki onlar peşəkar hakim kimi ayda 1000 manat maaş, üstəlik hər oyuna görə 700 manat qonorar alırlar. Onlara nə düşüb ki, qərəzli idarəçilik etsinlər? Sadəcə, psixoloji hazırlıqsızdırlar. Təzyiq bir balaca yüksək olan kimi özlərini itirirlər. Risk etmirlər, yaxud nüfuzlu futbolçunun və komandanın nüfuzundan çəkinirlər. Belə hallar olur. “Cavandırlar” demək də olmur. Çox bəh-bəhlə dedikləri gənc hakimləri görmürəm. Oyunları 5-6 hakim idarə edir. Hazırlıq mərhələsi pis keçib deyə, bildiyimə görə, bəzi hakimlər imtahanlardan kəsilib. Oyunlarda 8-10 yan xətt hakimi, 5-6 nəfər də əsas referi var. Bəs hanı qalanları? Bəs gördükləri iş hardadı? Fritz Ştuxlik 3 ildir buradadır, ortaya kimi çıxarıb, Məsiyevi? Hansı ki, hər oyunda aləmi qatıb-qarışdırır”.

  •  (0)
  •  (0)