Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu gün Bakıda işə başlayır.
Hokm.az xəbər verir ki, Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin və 47 nəfərlik nümayəndə heyəti də COP29-da iştirak etmək üçün Azərbaycana yola düşüb.
İndiyədək 20 ölkənin lideri COP29 tədbirində iştirak üçün Bakıya gəlib.
Xatırladaq ki, noyabrın 11-22-də Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur. Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında “Ev Sahibi Ölkə Sazişi” və digər mühüm sənədlər imzalanıb.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.