Rusiyalı alim: “Xəzərin suyu geri dönəcək, zəlzələ təhlükəsi yoxdur”backend

Rusiyalı alim: “Xəzərin suyu geri dönəcək, zəlzələ təhlükəsi yoxdur”

Xəzər dənizində suyun səviyyəsində nəzərəçarpacaq dərəcədə azalma Azərbaycan sakinlərini narahat edib. Bundan əlavə, bu hadisə tektonik proseslərlə əlaqələndirilir.

Xəzər dənizinin dayazlaşması və seysmik proseslər arasında əlaqə varmı? Rusiyalı alim, “Qradient” Geofiziki Tədqiqatlar Mərkəzinin Proqnoz Laboratoriyasının rəhbəri Viktor Bokov Media.az-ın bu sualını cavablandırarkən oxşar vəziyyətin bir neçə il əvvəl Kalininqradda da olduğunu qeyd edib.

“Tanış bir geofizik mənə zəng etdi və suyun quyulardan çəkildiyini, insanların bir müddət əvvəl həmin ərazidə təkanlar olduğu üçün zəlzələdən qorxmağa başladığını söylədi. Ancaq bütün məsələ bu ərazinin üzərində dayanan və səthə təzyiq edən daimi antisiklonda idi. Nəticədə su kilometrlərlə uzağa getdi. Eyni şey indi sizdə, Xəzərdə baş verir. Aydın görünən bir antisiklon fəaliyyət var. Siklonlar isə ortaya çıxsa da, kiçikdir və tez bir zamanda ötüb keçir”, – deyə ekspert bildirib.

Həmsöhbətimiz vurğulayır ki, çox şeyin Volqa çayının mənbəyindən asılı olduğu nəzərə alınmalıdır. İndi orada da antisiklonlar mövcuddur və bu səbəbdən su axını daha azdır. Odur ki, iki amil işə düşüb – çay və antisiklon hava. Ancaq Xəzərin suyu əlbəttə ki, geri dönəcək.

– Əgər ümumiyyətlə danışsaq, Xəzər regionunda seysmik vəziyyət kəskinləşəcəkmi?

– Xeyr, mən bunu deməzdim. Zəif təkanlar demək olar ki, hər gün formalaşır və baş verir. Bu tam olaraq antisiklonla əlaqədardır. Ancaq yaxın günlərdə sizdə əhəmiyyətli sarsıntılar gözlənilmir.

– Belə bir versiya var ki, hərbi fəaliyyət, raket və artilleriya hücumlarından sonra gərginlik toplanır və bu da zəlzələlərə gətirib çıxarır. Hərbi əməliyyatlar teatrının yaxınlığında artıq təkanlar baş verib. Bu barədə nə fikirləşirsiniz? 

– Bu prosesləri izləyirəm və deyə bilərəm ki, bunlar son müharibə ilə əlaqəli deyil. Təkanlar təbiət hadisələrindən yaranır və bunların bir çoxunu iki gün əvvəldən proqnozlaşdırmışdıq.

  •  (0)
  •  (0)