Oktyabrın 25-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açılış mərasimi keçirilib.
Hokm.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini Dmitri Vaxrukov və Moskva Şəhəri Hökumətinin Xarici iqtisadi və Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Vyaçeslav Manuylov və digər dövlət rəsmiləri, “Agalarov Development” şirkətinin təsisçisi, tanınmış iş adamı Emin Ağalarov, eləcə də Rusiya və Azərbaycanın turizm sənayesinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Fuad Nağıyev nümayəndəliyin fəaliyyətə başlamasının ikitərəfli əməkdaşlığın inkişafında yeni mərhələnin təməlini qoyduğunu və turizm əlaqələrini daha da gücləndirəcəyini qeyd edib.
Agentlik sədri bildirib ki, Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin tərkib hissəsi kimi turizm əlaqələri çoxillik tarixə əsaslanır və onların inkişafına əsas təkan dövlət başçılarının bu sahəyə göstərdiyi xüsusi diqqətdən irəli gəlir.