Rusiyada 19 yaşlı azərbaycanlını öldürən yol polisinin cinayət işinə xitam verildibackend

Rusiyada 19 yaşlı azərbaycanlını öldürən yol polisinin cinayət işinə xitam verildi

Rusiya İstintaq Komitəsi Novosibirskdə 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi xidməti silahı ilə öldürən yol polisi əməkdaşının cinayət işinə xitam verib.

Hokm.az xəbər verir ki, İstintaq Komitəsinin Novosibirsk Vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, İstintaq Komitəsi Vəkil Abdullayevin tutulması zamanı odlu silahdan atəş açan Daxili İşlər Nazirliyinin Novosibirsk Vilayəti üzrə Baş İdarəsinin yol polisi əməkdaşı Aleksandr Qusevlə bağlı cinayət işinə xitam verərək onun əməlini qanuni hesab edib.

“Aleksandr Qusevin əməlində cinayət tərkibi olmadığı üçün Rusiya Federasiyasının Cinayət Prosessual Məcəlləsinin 24-cü maddəsinin 2-ci hissəsinin birinci bəndinə əsasən, onun hərəkətlərinin qanuni olduğu tanınıb”, məlumatda bildirilib.

Qeyd edək ki, hadisə ötən il mayın 28-də Novosibirskdə baş verib. Polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü R. Qurbanov polisin xidməti avtomobilinə tərəf aparılıb. Bu vaxt sərnişin V. Abdullayev dostuna kömək etmək üçün müdaxilə etməyə çalışıb. Yol polisi Aleksandr Qusev güc işlədərək gəncə odlu silahdan atəş açıb. Ağır yaralanan Abdullayev xəstəxanaya yerləşdirilib. O, iki gün komada qaldıqdan sonra dünyasını dəyişib (apa).

  •  (0)
  •  (0)