Rusiya təyyarəmizi vuranları CƏZALANDIRACAQ?backend

Rusiya təyyarəmizi vuranları CƏZALANDIRACAQ?

Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edib. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub. Onlardan 26-sı Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, təyyarə Rusiyanın hava məkanında kənar müdaxiləyə məruz qalıb. Mətbuatda gedən məqalələrdə bildirilib ki, AZAL təyyarəsi Rusiyanın “Pantsir S1” hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb.

Hadisə ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini, yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişinlərin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmalarının, bu xüsusda, sağ qalan təyyarə bələdçilərinin və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması, günahkarların məsuliyyətə cəlb olunmasını müzakirə ediblər.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.

Dövlət başçıları, həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.

Qeyd edək ki, rəsmi Bakı müxtəlif kanallarla Rusiyadan faktı etiraf etməyi, üzr istəməyi və kompensasiya verməyi tələb edib. Həmçinin təyyarənin vurulmasına görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır.

Hokm.az xəbər verir ki Məsələ ilə bağlı modern.az-a danışan Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının üzvü Azər Badamov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə zəng etməsi, “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalmasını etiraf etməsi  və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edərək həlak olanların ailələrinə və yaxınlarına başsağlığını çatdırması xalqımız tərəfindən gözlənilirdi.

“Bununla yanaşı Rusiya tərəfinin təyyarəmizi HHM sistemi vasitəsilə vurlmasını boynuna alması günahkarların cəzalandırılması və təzminatın ödənilməsi məsələlərini də aktuallaşdırır. Ola bilsin ki, təyyarəmizə atılan atəş səhvən olub. Amma hər bir səhv özü bir məsuliyət yaradır. O cümlədən ehtiyat hava limanına da icazə verilməməsi, təyyarənin radar sisteminin iflic edilməsi qəzanın ölümlə nəticələnməsinə yol açıb.Ehtiyat eniş zolağı təklif olunsaydı, təyyarənin Qroznıdan Akatuya qədər uçuş etməsinə  ehtiyac yaranmazdı.Mahaçqalada, Mineralnıy Voduda və ya digər bir  yaxın hava limanında enişə icazə verilə bilərdi. Eniş Qroznıya yaxın hər hansı bir limanda baş versəydi, təyyarə zədə görsə də, insanlar xəsarət almazdı”.

A.Badamov sonda vurğulayıb ki, bu baxımdan Rusiyanın müvafiq orqanların əməkdaşlarının mülkü təyyarəmizə məsuliyyətsiz yanaşması nəticəsində, faciə ilə nəticələnən qəza baş verib. İstintaq tədbirləri başa çatandan sonra Rusiya tərəfindən günahkarların cəzalandırması və  təzminatın ödənilməsi məsələləri də öz həllini tapacaq.

  •  (0)
  •  (0)