Soçidə yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə gözlənilən üçtərəfli görüş fonunda bu gün Nikol Paşinyanın Feysbuk hesabında keçirəcəyi mətbuat konfransı erməni istifadəçilər üçün son dərəcə maraqlı görünür.
Bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
Onun sözlərinə görə, İrəvanın üçtərəfli bəyanat üzrə öhdəliklərini (ilk növbədə Zəngəzur nəqliyyat dəhlizinin işə salınması, o cümlədən Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasına başlanması) əməli şəkildə yerinə yetirməsində israr edən Kremlin aydın mövqeyini nəzərə alaraq, Paşinyan Ermənistan cəmiyyətinə bu qərarların qaçılmazlığını izah etməli olacaq. Bu da təbii ki, Ermənistanın hazırki baş nazirinə qarşı müxalifətin növbəti hücumlarının artmasına səbəb ola bilər:
“Məhz buna görə də Paşinyan bu gecə Ermənistan cəmiyyətinə çox yaxın vaxtlarda təqdim edəcəyi “acı həb”i şirinləşdirməli, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında irəliləyişin qaçılmazlığının lehinə ən tutarlı arqumentlər tapmalı olacaq”.
Korotçenko bildirib ki, son aylarda erməni lobbisinin səyləri ilə Rusiyanın media məkanında Böyük Turanın dirçəliş təhlükəsini şişirtmək və Türkiyəni iblisləşdirmək üçün həyata keçirilən genişmiqyaslı kampaniya heç bir real nəticə vermədi:
“Fakt budur ki, Ankara ilə münasibətlərə dair bütün əsas qərarları şəxsən Vladimir Putin verir, erməni lobbisinin səyləri isə yalnız təbəssüm yaradır. Burada ən yaxşı nümunə Dmitri Peskovun Ərdoğana hədiyyə verilən (MHP sədri Dövlət Baxçalı tərəfindən – red) qədim türk torpaqlarının xəritəsini Kremlin görüb-görməməsi sualına cavabında sakit ironik reaksiyasıdır”.
Rusiyalı politoloqun fikrincə, bu gün Putin Qərbə qarşı eyni vaxtda geosiyasi şahmat oyununun bir neçə seansını keçirir, onun məqsədi Rusiyanın XXI əsrdə qalibiyyət mövqeyini təmin etməkdir. Və bu oyunda Ermənistan bu gün şahmatdakı kimi fil və ya top deyil, sadəcə bir piyada – “peşka”dır:
“Yuxarıdakı müqayisə ilə heç kimi incitmək istəmirəm, amma bu, sadəcə olaraq mövcud reallıqların ifadəsidir. Əvvəlki onilliklərdə Rusiya Ermənistana milyardlarla dollar sərmayə qoyub və onu Cənubi Qafqazdakı ən mühüm hərbi güc aktivi kimi gücləndirib. 44 günlük müharibənin reallıqları göstərdi ki, bu cür gözləntilər tamamilə özünü doğrultmur – rus pulları və rusların səyləri boşa çıxdı.
Odur ki, Kremlin geosiyasi oyununun yeni sessiyasında Ermənistan bu gün kədərli yerə (özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində) malikdir və başqa heç nə yoxdur. Məşhur atalar sözündə deyildiyi kimi, ayağını yorğanına görə uzat. İkinci Qarabağ müharibəsində qalib gəlmək lazım idi, amma uduzdunsa, onda yalnız e2 – e4 yolu ilə hərəkət edən piyada rolunu oynayacaqsan. Və başqa heç nə. Ancaq Rusiya Federasiyasının himayə altında və tərəfində”./Axar.az