Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda rubl kəskin dəyər itirib. Qeyd edək ki, bir ABŞ dollarının dəyəri artıq 100 rublu keçib. Rublun ucuzlaşmasının Azərbaycana təsirsiz ötüşməyəcəyi bildirilir.
Proseslərin ehtimal edilən mümkün gedişiatını Sfera.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli rublun bundan sonrakı mərhələdə 60 faizdən çox ucuzlaşacağını deyib:
“Mərkəzi Bank çarpaz məzənnə sisteminə görə, dolların rubla olan nisbətini Azərbaycan manatının rubla olan nisbətinə görə hesablayır. Artıq Rusiya birjalarında 1 dollar 126-128 rubl aralığındadır. Dolların Azərbaycan ərazisində sabit olduğunu nəzərə alsaq, bu o deməkdir ki, rubl manat qarşısında 60-70 faiz ucuzlaşacaq. Əgər sonradan sabitlik yaranarsa, məzənnə dəyişə bilər”.Ekspert rublun dəyər itirməsinin Azərbaycanda ərzaq məhsullarının ucuzlaşması ilə nəticələnəcəyini deyib. Müsahibimiz bununla idxal prosesinin də artacağını vurğulayıb:
“Rublun dəyərdən düşməsi Azərbaycanda ərzaq məhsullarında ucuzlaşma ilə nəticələnəcək. Çünki Azərbaycanda rublun ucuzlaşmasının Azərbaycan manatına birbaşa təsiri yoxdur. Rublun dəyər itirməsi ilə Rusiyadan idxal olunan ərzaq məhsulları ucuzlaşacaq. Bununla bərabər, Rusiyadan gətirilən məhsullarda da artım müşahidə edəcəyik. Sanksiyalar sərtləşərsə, dolayısı ilə bu, bəzi ölkələrə də təsir edə bilər. Lakin Azərbaycanla Rusiya arasında sanksiyaların olacağını düşünmürəm. Rusiyadan məhsul gətirilməsi bundan sonra daha sərfəli olacaq”.