Reklam daşıyıcıları ilə bağlı qanunda dəyişiklikbackend

Reklam daşıyıcıları ilə bağlı qanunda dəyişiklik

Reklam daşıyıcıları ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

“Hokm.az” xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Reklam haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, reklam daşıyıcısı – reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat vasitələri və s.) əmlak, media məhsulları, kino, video, audio materiallar və çap məhsulları, telekommunikasiya qurğuları və poçt göndərişləri, mobil tətbiqlər (dövlət orqanlarının (qurumlarının) mobil tətbiqləri istisna olmaqla) və rəqəmsal platformalar (o cümlədən onların bir hissəsi), reklam xarakterli bildiriş və sms-lərlə yanaşı bu sıraya:

– reklam daşıyıcısı olan rəqəmsal platforma – reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatları istisna olmaqla), informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri;

– rəqəmsal platforma təsisçisi – maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs daxil edilir.

Bununla yanaşı, dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımı “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır. Rəqəmsal platforma təsirçisi tərəfindən reklamı həyata keçirilən əmtəənin təqdim edilməsi zamanı reklam materiallarını audio və ya vizual olaraq dəyişən tətbiqlərdən istifadə edildikdə bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır.

Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı reklamverici barədə aşağıdakı məlumatlar verilməlidir:

–  hüquqi şəxsin adı, faktiki ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

–  sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

– əlaqə məlumatları (telefon və elektron poçt ünvanı).

– Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı aşağıdakılar qadağan edilir:

– özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq;

– reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq.

– Bu Qanunun 26-1-1 – 26-1.4-cü maddələrində nəzərdə tutulmuş tələblər audiovizual media subyektlərinin reklam daşıyıcısı olan rəqəmsal platformalardakı reklam fəaliyyətlərinə aid edilmir.

  •  (0)
  •  (0)