Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə qarşı istefa tələbləri bitib-tükənmir. Bir zamanlar “boz kardinal” ləqəbi ilə məşhur olan AMEA rəhbərini idarəetmə strukturunu heç bir əsas olmadan tez-tez dəyişdirməkdə, elmi bölmələri ləğv etməkdə, Rəyasət Heyəti aparatının rəhbəri vəzifəsini təsis edərək, bu vəzifəyə Akademiya ilə heç bir əlaqəsi olmayan şəxsi gətirməkdə itiham edən Milli Məclisin deputatları, elm ictimaiyyətinin nümayəndələri, AMEA-nın məsul şəxsləri təcili olaraq onu istefaya səsləyirlər. İddialara görə, Ramiz Mehdiyevin dirənişi bu prosesə mane olur və bu xüsusda AMEA-nın növbədənkənar yığıncağının keçiriləcəyini iddia edənlər də var.
Mehdiyevi istefaya çağıranların sıraları hər gün daha da genişlənir və AMEA-nın Riyaziyyat və mexanika insitutunun direktoru, sabiq Təhsil naziri Miri Mərdanov da onlara qoşulub. O qeyd edib ki, R.Mehdiyev istefa verməyə özündə cəsarət tapmalı və heç olmasa son anda öz nüfunu qorumağa çalışmalıdır. Aydın görünür ki, artıq AMEA-da da “Mehdiyev erası” baş çatmaq üzrədir. Hazırda müzakirə olunan əsas mövzulardan biri də AMEA-nın növbəti prezidentinin kim olacağı ilə bağlıdır.
AMEA-dakı mənbələrdən Hokm.az-a daxil olan məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının növbəti rəhbəri, akademik Arif Həşimov olacaq. Qeyd edək ki, 72 yaşlı A.Həşimov ixtisasca fizikdir və 51 ildir ki, bu qurumda çalışır. “Azərenerji” ASC-nin prezidentin müşaviri və Layihə-Axtarış Energetika İnstitutunun direktoru işləmiş alim eyni zamanda AMEA-nın Fizika İnsitututun direktoru olub.
Daha detallı:
Arif Həşimov Naxçıvan MR Şahbuz şəhərində ziyalı ailəsində anadan olub. 1971-ci ildə institutu bitirdikdən sonra AMEA Fizika İnstitutunun “Elektrofizika” laboratoriyasında fəaliyyətə başlayıb. Hazırda laboratoriya “Yüksək gərginliklərin fizikası və texnikası” adlanır və A.Həşimov onun rəhbəridir. O, 1980-cı ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafıə edib Onun iştirakı ilə yerinə yetirilmiş tədqiqatların nəticələri dəfələrlə SSRİ və Azərbaycan Elmlər Akademiyasının elmi hesabatlarına çox əhəmiyyətli nəticələr kimi daxil edilmişdir.
O, 2002-2006-cı illərdə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsində çalışıb. Azərbaycan Texniki Universitetin professorudur. AMEA Fizika İnstitutunda fəaliyyət göstərən doktoru alimlik dərəcəsi verən şuranın sədri və Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerjilayihə İnstitutunda elmlər doktoru alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuranın üzvü olub. “Energetikanın problemləri” jurnalının baş redaktorunun müavini, “Fizika” jurnalının redaksiya heyətinin üzvüdür.
Mikayıl Mirzəzadə
Hokm.az