“Görüşdə Mehriban Əliyeva dedi ki, sizi tanıyıram, sənətinizi izləyirəm, çox qeyri-adi səsiniz var”.
Hokm.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, Prezident mükafatçısı Qoçaq Əsgərov Prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban xanım Əliyevanın Füzuli şəhərinin ziyalıları ilə görüşündən danışarkən deyib. Muğam ifaçısı Füzuli və Şuşa işğaldan azad olunandan sonra bir neçə dəfə orada səfərdə olduğunu vurğulayıb:
“Atam Füzulidən, ana tərəfim isə Şuşadandır, yəni təmiz qarabağlıyam. Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın Füzuliyə səfəri zamanı rayon ziyalıları ilə keçirilən görüşə mən də dəvət almışıdm. Səfərlə bağlı təəssüratlarım əladır. Görüşdə Prezident İlham Əliyev bizə xoş bir gün yaşatdı. Orada Mehriban xanım Əliyeva ilə də səmimi görüşlərimiz oldu. Hətta səfər zamanı Mehriban xanım Əliyeva ilə dialoqumuz baş tutdu, 2005-2006-cı ildə keçirilən müğam müsabiqəsindən danışdıq. Mehriban xanım Əliyeva bizə həmin müsabiqənin keçirilməsində himayədarlıq elədi, ondan sonra muğam sənətinin təbliğində biz də üzərimizə düşən məsuliyyəti hiss elədik və nəticədə Azərbaycan muğamı və musiqilərini dünyada təbliğ etmək mənə də nəsib oldu. Görüşdə xarici səfərlər və Füzulidə mənim oxuduğun musiqi məktəbinin dağıdılmasından danışdıq. Bundan sonra Füzuli daha da gözəl olacaq, yüksək səviyyədə bir şəhər salınacaq. Mehriban xanım Əliyeva harada varsa, ora cənnətə çevriləcək”.
Qoçaq Əsgərov səfərin təşkilatçılarına təşəkkür edib.