Qızlığı onu şərlədi, namus üstündə rəisi öldürdü, dostları kürəyindən vurdu – Sovet milisinə müharibə elan edən azərbaycanlı qaçaqbackend

Qızlığı onu şərlədi, namus üstündə rəisi öldürdü, dostları kürəyindən vurdu – Sovet milisinə müharibə elan edən azərbaycanlı qaçaq

Hokm.az 80-ci illərdə əfsanəyə çevrilmiş Qaçaq Hüseyn haqqında maraqlı faktları təqdim edir.

Qaçaq Hüseyn 1926-cı ildə doğulub. Ailədə dörd uşaq olublar. Atası 41-ci ildə müharibəyə gedir və geri qayıtmır. Onları nənəsi böyüdür. Hüseyn ailənin böyük uşağı olub. Sakit, ağıllı, tədbirli xasiyyəti varmış. Həbs olunmazdan əvvəl Tərtərdə “sep”li traktor işlədirmiş. Hərbi xidməti başa vurandan sonra Tərtərə qohumlarının yanına gedir. Bir xeyli pul-para toplayıb özünə “Volqa” almaq istəyir. Qohumları da ona maddi köməklik edir. Lakin bir müddət keçəndən sonra xəbər gəlir ki, Hüseyn üstündə çoxlu pul və silahla tutulub.

***

Qardaşı Maarif kişi Lent.az -a verdiyi müsahibəsində onun tutulması ilə bağlı deyir:

“Hüseyn Tərtərdə Südabə adlı alverçi bir xanımla çöldən-çölə yaşayırdı. Bunu hamı bilirdi. Hüseynin öz ailəsi də. Ailəsindən ayrılmamışdı! Südabənin cavan, qəşəng bir qızı vardı. Ovaxtkı rəislərdən biri bu qızla gizlin əlaqəsi olub. Bir gün Südabənin qızı hamilə qalır. Südabə ilə həmin bu rəis oturub götür-qoy edirlər ki, Hüseyn bu söhbəti eşitsə məsələ böyüyəcək. Nə qədər, söhbət yayılmayıb, onu silahla tutdursunlar. O vaxt rəisin əlaqələri geniş idi. Hətta məhkəmədə Südabə ilə qızı da Hüseynin üzünə dirəndilər. Üstəlik, prokuror məni çağırıb dedi ki, qız hamilədir, özü də deyir, uşağın atası Hüseyndir. Bu, biabırçılıq idi. Açığı, mənim də dalağım sancdı, dedim, insandı dəəə… Amma qardaşımla görüşəndə o, mənə kişi kimi and içdi ki, belə bir söhbət olmayıb və ola da bilməz. Bu, məni məhv eləmək üçün həmin rəislə Südabənin qurğusudur.”

***

Məhkəmə ekspertizanın rəyini gözləyir. Həqiqətən də məlum olur ki, Hüseynin bu qızla heç bir əlaqəsi olmayıb. Amma silaha görə ona 5 il iş kəsirlər. Özü silahın ona məxsus olduğunu mərdliklə boynuna alır…

***

Hüseyn 3 il həbs yatır. Himayəsində 5 uşaq olduğundan, başqa qanun pozuntusu törətmədiyindən hökumət bunları nəzərə alıb onu üç ildən sonra sərbəst buraxır. Həbsdən çıxandan sonra Hüseyn qardaşına deyir ki, Azərbaycanda yaşamayacaq, baş götürüb Rusiyaya gedəcək.

***

Deyilənlərə görə, o, namus söhbətinə və özünün şərlənməsinə görə çox sarsılır. Belə bir namərdliyin heç vaxt ağlına gəlmədiyini deyir.

***

İntiqam eşqi ilə alışıb-yanan Hüseyn imkan tapıb yolunu Südabənin evindən salır. İçəri girəndə həmin rəislə Südabəni bir yerdə görür. Üstündəki xəncərlə rəisi öldürür, Südabəni isə öz evindəki tüfənglə çiynindən yaralayır. Deyilənə görə, qadın olduğu üçün onu öldürmür, amma nişanəsiz buraxmaq da istəmir. Sonralar bu iş çox araşdırılır. Axırda həmin rəisin qəbrinə 8 il iş kəsirlər.

Hər yerdə axtarılsa da, Qaçaq Hüseyn milislərdən qorxmur. O boyda hadisədən sonra, yenə rahatca kəndə gəlir, hətta toylara gedir. Deyilənə görə, milislərin yarısı ondan qorxur, yarısı da bu namus söhbətinə görə hörmət eləyir. Bilirlər ki, camaat onu çox istəyir, heç kim Hüseyni tutub, insanların gözündən düşmək istəmir. Amma rütbə almaq üçün bu işə qol qoyanlar da olur.

***

Bir gün Novruz bayramı ərəfəsində Ağdam milis şöbəsinə məlumat çatır ki, Qaçaq Hüseyn silahsız vəziyyətdə Şotlanlının üstündəki dərədə təkbaşına naxır otarır. Rəis bir dəstə polislə ora gəlir və uzaqdan müşahidə edir. Adamın silahsız olduğuna əmin olandan sonra dəstəni buraxıb təkcə ona yaxınlaşır. O, atlı imiş və əynində uzun plaş varmış. Daha dəqiqi, milis formasını bu plaşın altında gizlədibmiş. Hüseyn də ilk gəlişində onu sadə bir adam hesab edir, amma yenə ehtiyatı əldən vermir. Hüseynin cibində qovurğa varmış. Plaş geyinən atlı ona yaxınlaşanda şübhələnir. Milis işçisi əyilib cibində saxladığı qaçağın şəklinə, sonra Hüseynə baxır. Milis əyiləndə plaşın altından poqonunun ucu görünür. Qaçaq Hüseyn əlini cibinə salıb ordan bir ovuc qovurğa çıxarır. Deyir, səni and verirəm Allahın bu bərəkətinə, mənimlə işin olmasın. Bilirsən ki, mənə qarşı haqsızlıq elədilər… O da Qurana and içir ki, sənə zərər verməyəcəm. Amma yaxınlaşan kimi qəfil Qaçağın üstünə cumur, onu təkbaşına qandallayıb aparmaq istəyir.

***

Rəis müavini fiziki cəhətdən güclü və hazırlıqlı imiş. Qaçaq Hüseyn nə qədər xahiş edirsə ki, ondan əl çəksin, alınmır. Süpürləşirlər, milisin silahı özündən uzağa düşür. Bu vaxt Hüseyn onu üstələyir. Rəis silaha tərəf qaçır, onu alıb atəş açmaq istəyəndə Qaçaq Hüseyn xəncərini çıxarıb atır, xəncər rəisin ürəyinə sancılır. Qaçaq Hüseyn rəisin plaşına geyinib atını minir və dağlardan aşıb Çələkdar kəndindən Ağdərəyə keçir

***

Qaçaq Hüseyn Qarabağda, Gəncəbasarda çox məşhur idi. Qaçaqlığının əsas dövrünü Laçında keçirmişdi. Çoxları elə bilirmiş ki, o, Laçınlıdır. Ancaq onun özünün yox, həyat yoldaşının Laçından olduğu deyilir. Hüseynin Laçında qohumlarla bahəm çoxsaylı dostları olub.

***

O, ümumittifaq axtarışında idi. Rejissor Eldar Ryazanovun məşhur “İki nəfər üçün vağzal” filmində fotosu axtarışda olanların guşəsində kadra düşüb.

***

Bütün güc nazirlikləri, hətta keçmiş ittifaqın bəzi instansiyaları onu ciddi şəkildə axtarsalar da, Hüseyn Tərtərdə oğlunun toyunu eləyir, özü də toya gəlir. Çox adam bilmir ki, həyətdəki ağacların birinin budağında oturub toyu izləyən adam Qoçaq Hüseyndir.

Ancaq nə qədər gizlənsə də, hökumət onun üzə çıxmasını istəyir. Ovaxtkı nazir onun qardaşı Maarif kişini çağırıb deyir ki, Ağdamda işləmişəm, sizin camaatı yaxşı tanıyıram. Get, qardaşınla danış, öz razılığı ilə üzə çıxsın. Ona belə daha yaxşı olar. Qardaşı nazirin dediklərini Hüseynə çatdırır. O isə etibar etmir, deyir, bir deputat var, mənimlə bağlı Brejnyevlə görüşməlidir, qoy bu görüşü gözləyək.

***

Qardaşının dediyinə görə, ovaxtkı Azərbaycan rəhbərliyi də Hüseyn barədə yuxarılarla danışır. Deyir, heç kimin onu öldürməyə ixtiyarı yoxdur, gəlib qanuna təslim olsun, işinə məhkəmə baxsın.

***

Qaçaq Hüseynin bir çox əhvalatlar kimi, qətli ilə bağlı gəzən söz-söhbətlər də müxtəlifdir. Bir versiyaya görə Hüseyni kəlbəcərli kirvəsinin əliylə onun evində öldürüblər. Guya sonra başqa qaçaqlar həmin adamdan Hüseynin qisasını alıblar.

***

Lakin, Maarif kişi bu versiyanı tamamilə inkar edir: “Kəlbəcər məsələsi belədir… Hüseyn öldürüləndə Tərtərdə Sabir adlı bir rəis vardı. Kəlbəcərdən idi. Sabir rütbəsinin artmasına görə Hüseynin qanını boynuna götürdü. Dedi, mən öldürmüşəm! Hamı bilirdi ki, vəzifə xətrinə deyir. Dəfndən bir az sonra Sabirin atası Quran kitabı götürüb, bir neçə seyid-molla ilə qapımıza gəldi, and içdi ki, oğlum bu söhbəti yalandan danışır…

***

Əslində isə onu 1978-ci ildə Bərdənin Lənbəran kəndi yaxınlığında öz qaçaq yoldaşları yatdığı yerdə kürəyindən vururlar. Hüseyn həmişə deyirmiş ki, heç vaxt özümü sağ-salamat ələ vermərəm! Bu səbəbdən də o, kürəyindən vurulanda qəfil çevrilib, öz tapançası ilə öz ağzından atır.

***

Bu barədə onun ailəsinə Gəncədəki həkimlər deyib. Amma onun ağzındakı yaranı elə tikirlər ki, azca da olsun eyib qalmır. Həkimlər bunu Hüseynə son hörmət olaraq etdiklərini deyirlər.

***

Qaçağın ölüm xəbərini eşidən Gəncə camaatı tökülüb xəstəxananın qarşısına və təkidlə Qaçaq Hüseynin meyitini tələb ediblər. Hökumət heç nə olmamış kimi meyiti camaata təhvil verib. Dəfninə hər tərəfdən, hətta Gürcüstandan adamlar gəlir.

  •  (0)
  •  (0)