Azərbaycan Qiymətləndiricilər Palatasının İntizam Komissiyasının sədri Nahid Həsənovun APress.az-a müsahibəsi
– Yeni qanunun qəbulu və Qiymətləndiricilər Palatasının formalaşması ilə sektordan gözləntilər artıb. Sizcə, qiymətləndirmə sahəsinin inkişaf dinamikası hansı mərhələlərdən keçməlidir?
– Qiymətləndirmə fəaliyyəti bazar münasibətlərinin şəffaflığı və sabitliyinin təmin olunmasında mühüm rol oynayır. Peşəkar standartların və etik normaların düzgün yerinə yetirilməsi sahənin mütəxəssislərinə olan inamın əsasını təşkil edir.
Qiymətləndiricilər Palatasının İntizam Komissiyasının sədri olaraq keyfiyyətə nəzarət sisteminin əhəmiyyətini vurğulamaq istərdim. Bu sistem qiymətləndiricilərin peşəkar səviyyəsinin yüksəldilməsinə və müştərilərin maraqlarının qorunmasına xidmət edir. Müasir iqtisadi şəraitdə qiymətləndiricilərin məsuliyyətini artırmalı və özünü tənzimləyən bir təşkilat olaraq, yüksək iş standartlarının qorunmasını təmin etməliyik.
– Bəlkə biraz konkretləşdirək. Nədən başlamaq lazımdır?
– Qiymətləndirmə standartlarına riayət olunmasına nəzarət başlıca amildir. Çünki qiymətləndirmə hesabatlarının qanunvericiliyin tələblərinə və peşəkar standartlara uyğunluğu tərəfimizdən təftiş olunacaq. Bu, mümkün pozuntuları aşkar etməyə və vaxtında reaksiya verməyə şərait yaradır. Fəaliyyətimizin daha bir vacib komponenti qiymətləndiricilərin bilik və bacarıqlarını artırmaqdır. Bunun üçün müvafiq kurslar və seminarlar təşkil olunacaq. Biz aparıcı təhsil müəssisələri və ekspertlərlə əməkdaşlıq imkanlarını nəzərdən keçiririk. Mütəxəssislərə aktual bilik və metodika təqdim etmək niyyətindəyik. İntizam Komissiyası müştərilərin və dövlət orqanlarının müraciətlərini araşdırır, qiymətləndirmə hesabatlarında mümkün səhvləri təhlil edir və müvafiq tədbirlər görür.
– Metodologiya və normativ bazanın təkmilləşdirilməsi istiqamətində hansı addımlar nəzərdə tutulur?
– Qiymətləndirmə fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının hazırlanması və təkmilləşdirilməsində, eləcə də qiymətləndirmə yanaşmalarının unifikasiyasına kömək edən metodiki tövsiyələrin hazırlanmasında iştirak edirik. Yaxın gələcəkdə standartlara riayət olunmasına nəzarəti gücləndirməyi, ixtisasartırma proqramlarını genişləndirməyi və yoxlamaların avtomatlaşdırılması üçün yeni rəqəmsal həllər tətbiq etməyi planlaşdırırıq. Hər bir qiymətləndirici cəmiyyət qarşısında məsuliyyətini dərk etməlidir və bizim vəzifəmiz peşənin dayanıqlı inkişafı üçün şərait yaratmaqdır. Fürsətdən isrifadə edərək, peşəkar icmanın bütün üzvlərini açıq dialoqa və əməkdaşlığa dəvət edirəm. Yalnız birgə səylərlə yüksək standartlara nail ola və fəaliyyətimizə olan inamı möhkəmləndirə bilərik.
// Hülya Ağayeva, APress.az