Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycana məxsus təyyarə ilə bağlı araşdırmanın nəticələri yaxın günlərdə açıqlanacaq.
Hokm.az-ın məlumatına görə, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev deyib.
“Mütəxəssislər işləyirlər. Artıq bildirmişdik ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası, Braziliya və ICAO-dan beynəlxalq ekspertlər cəlb olunub. Biz ilkin hesabatın yaxın günlərdə rəsmi olaraq saytımızda dərc olunacağını gözləyirik. Mütəxəssislərə öz işlərini başa çatdırmaq üçün vaxt lazımdır, – deyə Karabayev hökumətin brifinqində bildirib.
Xatırladaq ki, Azərbaycana məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.