Qərbdən dəstək uman Paşinyan Rusiyaya yalmanır – Erməni pilotlar Ukraynanı bombalayacaq – RƏYbackend

Qərbdən dəstək uman Paşinyan Rusiyaya yalmanır – Erməni pilotlar Ukraynanı bombalayacaq – RƏY

“Ermənistan qırıcı təyyarələrini Ukraynaya qarşı istifadə edilməsi üçün Rusiyaya verib. Ermənistan bu təyyarələri Rusiyadan aldığını desə də, SU 30-ların hədiyyə edildiyi haqda məlumatlar əvvəldən var idi. Bu baxımdan, Ukraynada müharibə aparan Rusiyadan Ermənistana verdiyi təyyarələri istifadə üçün alması mümkündür”.

Bu sözləri “Report”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, xüsusilə Ukraynada ciddi hərbi texnika problemi ilə üzləşməsi də Rusiyanı buna vadar edə bilər:

“Ermənistan tərəfinin buna etiraz etməsi də mümkün deyil. Çünki Ermənistan ordusunun hərbi texniki təminatı bütövlükdə Rusiyadan asılıdır və indi Moskvanın ehtiyacı olanı verməmək gələcəkdə bu təminatın da sıradan çıxmasına gətirib çıxara bilər. Təyyarələrin erməni pilotlar tərəfində idarə olunması da Paşinyan hakimiyyətinin Ukraynada Rusiya hücumuna töhfə vermək və Moskva qarşısında divident qazanmaq niyyətindən irəli gəlir. Ermənistanın mövcud hakimiyyətinin bu cür “manevrləri” ilk dəfə deyil. Qərb mərkəzlərinin dəstəyi ilə hakimiyyətə gələn Paşinyanın Rusiya ilə yaxınlaşmaq xəttini inkişaf etdirməsi, son seçkilərdən sonra bu prosesi sürətləndirməsi də bunun nümunələrindəndir. İndi üzdə Qərbə inteqrasiya etmək istəyindən danışan Paşinyanın reallıqda Rusiyanın işğal hücumuna töhfə verməsi Ermənistan hakimiyyətinin II Qarabağ müharibəsindən sonra xarici siyasi kursunda ikili oyunlara üstünlük vermək xəttinə uyğundur”.

Ekspert bildirib ki, Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkənin sərgilədiyi mövqe də xüsusilə diqqət çəkir:

“Rəsmi İrəvan maksimum şəkildə susmağa çalışır, humanitar yardım prosesində iştirakdan qaçır, siyasi ekspert cameəsi üzərindən Ukraynadakı separaçıların “müstəqilliyinin” tanınmasını dəstəkləyir, o cümlədən, İrəvan tərəfindən birbaşa idarə edildiyi şübhə doğurmayan müxtəlif qrupların müharibədə Rusiya tərəfindən iştirak etmək məqsədilə mitinqləri, dəstək aksiyaları təşkil olunur.

Burada təbii ki, ABŞ başda olmaqla Qərb dünyasının hansı mövqe sərgiləyəcəyi hər kəs üçün maraqlıdır. Çünki Belarus başda olmaqla Rusiyaya hərbi, iqtisadi və digər yardım göstərən ölkələrə qarşı ciddi addımların atılacağı xəbərdarlığı edilir. Sonuncu dəfə Çinə belə bir xəbərdarlıq edildi. Ukraynanın işğalında Rusiya tərəfindən bu və ya digər formada iştirakı göz qabağında olan Ermənistanla bağlı hələ də heç bir mövqe sərgilənməyib. Bunun baş verəcəyi o qədər də inandırıcı görünmür, xüsusilə Qərb ölkələrinin siyasətinə ciddi təsir imkanları plan erməni lobbisinə görə. Bu olmayacaqsa, Qərbin mövqeyi yenidən şübhə altına düşəcək”.

  •  (0)
  •  (1)