Qəbələ rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Belə ki, fevralın 1-i saat 22 radələrində Ağcabədi rayon sakini 2010-cu il təvəllüdlü Hüseyn Azər oğlu Hüseynovun cansız bədəni, Qəbələnin Vəndam kəndində yerləşən A-Frame istirahət evinin hovuzunda tapılıb.
Hokm.az xəbər verir ki yaxınları Azmedia.Az-a açıqlamasında qeyd edib ki, Ağcabədidə güləş idman növü ilə məşğul olan Hüseyn, müəllimi Nəsir Nəsirov və digər 5 yeniyetmə idmançı ilə Qəbələyə yoldaşlıq görüşünə gedib. Yarış təxirə salındığı üçün, gecəni Qəbələdə qalmalı olan komanda, orada isti hovuzlu ev kirayə tutaraq, istirahət etmək qərarına gəlib.
Məşqçi Nəsir Nəsirovun hadisə barəsində ilkin ifadəsinə görə, hovuzda çimib çıxdıqdan sonra, hər kəs evin içərisində olarkən, Hüseynin orada olmadığını görüb, axtarmağa başlayıblar. Sonradan uşağın cansız şəkildə hovuzda olduğunu görüblər.
Hüseynin dostlarından əldə edilən məlumata əsasən isə daha fərqli və hadisəni başqa səmtlərə aparan məlumatlar əldə olunub. Belə ki, hadisə şahidlərindən biri qeyd edib ki, Hüseynin meyiti hovuzdan tapıldıqdan sonra, A-frame kirayə evinin icarədarı oraya gəlib, orada olan təhlükəsizlik kamerasını sındırıb. Digər şahidin dediklərinə əsasən isə, Hüseynin meyiti hovuzda aşkar edilən zaman, hovuzun üzəri şəffaf salafan ilə örtülü olub.
Hadisə barəsində oradakı hər kəsin ifadəsi alınıb, hazırda prokurorluq araşdırma aparır və ailə ekspertizanın rəyini gözləyir. Lakin, ailə bildirir ki, müəllimin və şahidlərin ifadələri bir-birinə uyğun gəlmir, hətta ailə düşünür ki, burada sadəcə suda boğulma yox, qətl hadisəsi də ola bilər. Buna səbəb isə həm fərqli ifadələr, həm də kameraların bilərəkdən sıradan çıxarılmasıdır. Çarəsiz valideynlər bu işin şəffaf şəkildə araşdırılmasını, günahı olan hər kəsin cəzasını almasını tələb edir.
Qeyd edək ki, faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.