Ötən ilin oktyabr ayından redaksiyaların və jurnalistlərin MEDİA Agentliyi tərəfindən reyestrinin aparılmasına başlaması ətrafında müzakirələr səngimək bilmir. Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovun “Media Reyestrində olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı heç bir maneə olmayacaq. Vahid jurnalist vəsiqəsi anlayışı mövcud deyil. Vəsiqə sadəcə olaraq jurnalist vəsiqəsi adlanır” açıqlaması da narazı kəsimi sakitləşdirmir. Vəsiqə üzərində başlanan bu “mübarizənin” iştirakçıları MEDİA Agentliyini ölkədə mətbuat azadlığını pozmaqda, jurnalistlər arasında ayrıseçkilik yaratmaqda, “köhnə komanda”nın yolu ilə getməkdə ittiham edirlər.
Bu xüsusda ortaya haqlı suallar çıxır? Onların fəaliyyətinə hər hansı maneçilik mövcud deyilsə, “gözün üstə qaşın var” deyən yoxdursa, MEDİA Agentliyinə qarşı başladılan qara-piar kampaniyasının arxasında hansı səbəblər dayanır? Yaxud onlar niyə bu qədər əmindirlər ki, Media Reyestrindən keçə bilməyəcəklər? Axı bu günə qədər 200-ə yaxın redaksiya Media Reyestrindən keçib.
Media Reyestri nədir?
“Media haqqında” qanunun tələbinə görə, Media Reyestri media subyektlərinə, redaksiyalara, jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə yaradılmış və idarə olunan elektron informasiya ehtiyatıdır. Bəli, adından da göründüyü kimi, elektron informasiya ehtiyatı.
Heç kimə sirr deyil ki, “mətbuat nümayəndəsi” adı altında minlərlə insan “jurnalist vəsiqəsi” gəzdirir, bundan özünü qoruma vasitəsi olaraq istifadə edirlər. Nəticədə bir təsisat olaraq medianın nüfuzu ciddi şəkildə zədələnib. “Qurunun oduna yaş da yanır” misalında olduğu kimi, “jurnalistlər” tərəfindən yerlə bir edilən mətbuatın bu durumu peşəkar jurnalistlər üçün də təsirsiz ötüşməyib. Məhz bunun nəticəsi olaraq bir çox peşəkar jurnalistlər mətbuat sahəsini tərk ediblər.
Çünki mətbuatın “yağlı tikələri” də uzun illər bu sahəyə rəhbərlik etmiş şəxslərin yarıtmaz fəaliyyəti ucbatından “jurnalistlərə” çatıb. Abrına qısılan, özünə hörmət edən jurnalistlər ya bu vəziyyətlə barışıb, yazı-pozuyla məşğul olub, ya da ümumiyyətlə bu sahəni tərk ediblər. Media Reyestri aqoniya vəziyyətində olan Azərbaycan mətbuatını xilas etməyə və “qara siyahı”ları “ağ siyahı”larla əvəz etməyə xidmət edir.
Beynəlxalq təcrübə…
Azərbaycan bir çox sahələrdə Türkiyə təcrübəsinə istinad edir. Qardaş ölkənin təcrübəsinə nəzər salsaq görərik ki, Türkiyədə Media Reyestrini aparan müvafiq komissiya fəaliyyət göstərir və “Sarı mətbuat kartı”nı əldə etmək istəyən jurnalistlər bu qurumda qeydiyyatdan keçirlər. Digər inkişaf etmiş ölkələrin də təcrübəsində bu ənənə mövcuddur və orada da jurnalist kimi fəaliyyət göstərmək üçün müvafiq tələblər irəli sürülür.
Digər sektorların təcrübəsində…
Azərbaycanda həkimlərin, müəllimlərin, maliyyə təsisatlarının və digər sektorların təcrübəsində ali təhsil şərt kimi irəli sürülür. Hətta müvafiq ixtisasartırma və sertifikasiya kursları ilə bağlı tələblər də mövcuddur. Bir çox dövlət qanunlarında müvafiq sahələr üzrə fəaliyyət göstərmək üçün meyarlar təsbit olunub. “Dörd illik bakalavr dərəcəsi əldə edə bilməyənlər ictimaiyyəti necə peşəkar informasiya ilə təmin edə bilərlər” sualını bir kənara qoyub, məsələyə hüquqi aspektdən yanaşsaq görərik ki, bunun üçün kifayət qədər hüquqi əsaslar da mövcuddur.
MEDİA Agentliyi nə tələb edir?
Beynəlxalq təcrübədə, elə Azərbaycanda da bir çox sektorlar müvafiq tələblər irəli sürürlər. Ali təhsil, üç illik təcrübə, müvafiq sertikasiya imtahanlarından keçmək, ixtisasartırma kurslarında iştirak və s. MEDİA Agentliyi deyir ki, əgər redaksiya kimi qeydiyyatdan keçmək istəyirsənsə, redaksiya kimi fəaliyyətin olmalıdır. Yəni, digər agentlik və portalların üzündən köçürüb, redaksiya adına iddia etmək əsassızdır. MEDİA Agentliyi deyir ki, əgər Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi qeydiyyatdan keçmisənsə, şəffaf fəaliyyət göstərməlisən. Vergiləri, sosial müdafiə ödənişlərini vaxtında ödəmələsin. Bu hansı sahəyə şamil olunmur ki?! MEDİA Agentliyi mətbuata üç il müddətində vergi güzəştlərinin tətbiq olunması layihəsini hazırlayır ki, media subyektləri əlavə xərcə düşməsinlər.
Və… Bircə nəfər əlini qatlasın ki, bu tələblərə cavab verən hər hansı redaksiya və ya jurnalist reyestrdə qeydiyyata alınmayıb. Varsa, buyurun məhkəməyə müraciət edin. Deyin ki, bizi əsassız olaraq reyestrə almırlar. Küçə hay-həşiri, “Əlinin, vəlinin yolu ilə gedirlər” və bu kimi arxa cəbhəsi olmayan, məzmunsuz və məntiqsiz açıqlamalar verməkdənsə, kiçik tələblərə əməl edin və siz də reyestrə düşün. Yox əgər etmirsinizsə, jurnalist kimi fəaliyyətinizi davam etdirin. Buna görə, sizə mane olan varmı? Jurnalist vəsiqəsi istəyirsinizsə, şükür Allaha, möhürdən bolsunuz, özünüzə vəsiqə çıxardın. Rəsmi səviyyədə deyilib axı, bu “vahid jurnalist vəsiqəsi deyil”.
Göründüyü kimi, müvafiq meyarlara cavab verməyən “jurnalistlər” bundan təşvişə düşüblər və qarayaxma, məqsədli şəkildə gözdənsalma yolu ilə özünə jurnalist imtiyazı qazanmağa çalışırlar.
Müəllif: Azər Niftiyev