Qaradan o yana rəng var: ya sabaha işıq tutacağıq, ya da zülmət çökəcəkbackend

Qaradan o yana rəng var: ya sabaha işıq tutacağıq, ya da zülmət çökəcək

Rövşən Ağayev: “Yaxın onillikdə bütün dünyanın diqqəti elm tutumlu sahələrin inkişafına yönələcək”

Azər Mehtiyev: “Məmur oliqarxiyasını aradan qaldırmadan, müstəqil məhkəmə sistemi yaratmadan qeyri-neft sektorunu inkişaf etdirmək mümkün deyil”

Dünya iqtisadçılarının hesablamalarına görə, 2040-cı ildə dünyada neft ehtiyatları tükənəcək. Bəzi tədqiqatçılar isə dünyanın “qara qızıl”dan məhrum olacağı zamanın daha yaxında olduğunu proqnozlaşdırırlar.

Bu arada Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov əlvan və qara metal yataqlarının işlənməsinin 2035-ci ilədək ölkə iqtisadiyyatına 13 mlrd. dollara yaxın mənfəət gətirəcəyini deyib. Onun sözlərinə görə, bu nəticə filiz-mədən sənayesinin operatoru “AzerGold”un 2020-2035-ci illər üçün inkişaf strategiyasının analizinə əsaslanır. “AzerGold” 2022-ci ilin sonunadək 5 qızıl yatağının, 2029-cu ilədək isə daha 4 əlvan metal yatağının istismara verilməsini planlaşdırır.

Neftin tükənəcəyi ehtimalları “qara qızıl”dan asılı ölkələri, o cümlədən Azərbaycanı qeyri-neft sektorunun inkişafı istiqamətində addımlar atmağa sövq edir. Bu gün xeyli sayda dövlət var ki, onların nefti yoxdur və kifayət qədər uğurlu iqtisadiyyat formalaşdıra biliblər.

Misal üçün, qardaş Türkiyə neft istehsalçısı deyil. Lakin bu ölkə ÜDM sıralamasında dünya üzrə 13-cü sırada yer alır. Turizm, müdafiə sənayesi, avtomobil istehsalı, gəmiqayırma, dəmir-polad, maşınqayırma, tekstil, bankçılıq, tikinti Türkiyənin əsas gəlir mənbələridir. Postsovet dövlətlərindən Estoniya internet texnologiyalarının inkişafına görə dünyada ilk yerlərdən birini tutur.

Bəs, görəsən Azərbaycan qeyri-neft sektorunun inkişafı istiqamətində hansı addımlar atmalıdır? Hansı sahələr post-neft dövrü üçün daha perspektivli sahələr hesab olunur və onların inkişafı necə həyaya keçirilməlidir?

AYNA mövzunu ekspertlərlə müzakirə edib.

Ekspert Rövşən Ağayev:

İqtisadçı-ekspert Rövşən Ağayevin dediyinə görə, yaxın onilliklərdə dünyada elm tutumlu sahələr inkişaf edəcək: “Süni zəkanın sürətli inkişafı dünyada keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Əminliklə söyləmək olar ki, qarşıdakı illərdə elm tutumlu sahələrin sürətli inkişafı qaçılmaz olacaq. Sizə kiçik bir misal deyim. Son dövrlərə qədər “Forbes”in açıqladığı zənginlər siyahısında enerji daşıyıcıları və istehsal bazarının iştirakçıları ilk yerləri tuturdusa, artıq onlar sürətlə öz yerlərini informasiya texnologiyaları (İT) sektorunun nümayəndələrinə verirlər”.

“Açığı, Azərbaycanın bu sahədə fərqlənəcəyi, böyük uğurlar qazanacağı qənaətində deyiləm. Hesab edirəm ki, bu sahələr ölkəmizdə çox ləng inkişaf edir və bu səbəbdən perspektivləri yüksək deyil. İT sektoru sürətlə yenilənir və bununla ayaqlaşmaq elə də asan olmayacaq”, – deyə mütəxəssis bildirib.

Aqrar sahədə inkişafa gəldikdə isə, Ağayevin fikrincə, Azərbaycanda bu sahədə də vəziyyət ürəkaçan deyil: “Əkinə yararlı torpaq sahələrinin sayı dünya ilə müqayisədə çox azdır. Lakin bununla yanaşı, heç olmasa mövcud imkanlar çərçivəsində bu sahənin inkişafına xüsusi diqqət ayrılmalıdır. Əsasən də aqrar sektora bağlı emal müəssisələri yaradılmalıdır. Heç olmasa daxili bazarın imkanlarını tam təmin etməliyik. İndiki halda isə bu da baş vermir. Ölkəmizə daxil olan aqrar məhsulların əksəriyyəti idxal olunur. Bu sıraya ət, süd, quşçuluq məhsullarını və s. aid etmək olar. Hətta neft dövrü bitməsə belə, süni intellektə bağlı sahələr daha çox inkişaf edəcək”.

Eskpert hər şeyin insan kapitalından və təhsildən başladığını vurğulayıb: “Dəfələrlə deyilib ki, təhsili olmayan cəmiyyətin gələcəyi ola bilməz. Bu, sadəcə şüar deyil, həm də reallıqdır. Məhz təhsil səviyyəsinin aşağı olmasının göstəricisidir ki, Azərbaycan müasir dövrün trendləri ilə ayaqlaşa bilmir. Hansı ki, dünyanın gələcəyi müasir sahələrlə bağlı olacaq. Gürcüstanda dünyaca məşhur “Amerika” Universitetinin yerli filialı yaradılıb. Biz də aparıcı Qərb universitetlərinin ölkəmizdə filiallarının açılmasına nail olmalıyıq. İlkin mərhələdə bu, çətin olsa da, heç olmasa nüfuzlu dünya alimlərini ölkəmizə müqavilə əsasında tədrisə cəlb etməliyik. Bir sözlə, Avropya inteqrasiyanı sıxlaşdırmalı və onların təcrübəsini əxz etməliyik”.

Ağayev düşünür ki, kimya sənayesinin inkişafı, yerli istehsal sahələrinin yaradılması da əsas prirotetlərdən olmalıdır: “Azərbaycanda bunun üçün müasir imkanlar mövcuddur. Eyni zamanda müəyyən təcrübələr də var. Əlvan və qara metal yataqlarının işlənməsi, zavodların, fabriklərin yaradılması, idxaldan asılılığın minimuma endirilməsi qarşımızda duran əsas hədəflərdəndir. Bu gün İrana qarşı böyük təzyiqlər var. Lakin bu ölkənin iqtisadiyyatını çökdürə bilmirlər. Səbəb odur ki, İran daxili istehsala böyük önəm verir. Daxili istehsal həm də milli təhlükəsizliyin əsas təminatıdır. Qarşıda görəcəyimiz işlər çoxdur. Təbii ki, neft nə vaxtsa tükənəcək və biz post-neft dövrünə hazırlıqlara indidən başlamalıyıq. Hətta gecikirik də”.

Azər Mehtiyev: Hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin ...

Növbəti iqtisadçı müsahibimiz Azər Mehtiyev də o fikirdədir ki, qeyri-nef sektorunu inkişaf etdirmək üçün ölkədə real və köklü islahatlar həyata keçirilməlidir: “Sözsüz ki, neft tükənən məhsuldur və nə zamansa bitəcək. Eyni zamanda dünyada alternativ enerji mənbələrinin yaradılması üzərində ciddi iş gedir. Bu mənada neftdən asılı bütün dövlətlər, o cümlədən Azərbaycan da post-neft dövrünə çox ciddi hazırlaşmalıdır. Uzun illərdir rəsmi səviyyədə bununla bağlı müzakirələr aparılır, müxtəlif dövlət proqramları və strateji yol xəritələri qəbul edilib. Lakin biz bu istiqamətdə ciddi nəticələrin əldə edilməsinə şahid olmuruq”.

Ekspertin qənaətincə başlıca səbəb odur ki, hazırda Azərbaycanda məmur oliqarxiyası mövcuddur və onlar bütün iqtisadi prosesiləri öz mənafeyinə uyğunlaşdırmağa çalışırlar: “Hesab edirəm ki, məmur oliqarxiyasını aradan qaldırmadan, müstəqil məhkəmə sistemi yaratmadan qeyri-neft sektorunu inkişafın etdirmək mümkün olmayacaq”.

“Əgər biz doğrudan da qeyri-neft sektorunun inkişafına nail olmaq istəyiriksə, ilk növbədə real institusional islahatlar aparmalı, məhkəmə-hüquq sisteminin şəffaf fəaliyyətinə nail olmalıyıq. O cümlədən sahibkarlara real dəstək göstərməli, bu adla ayrılan vəsaitlərin iri sahibkarlara – hansı ki, əksəriyyətinin arxasında məmur oliqarxiyası dayanır – çatmasına imkan verməməliyik”, – deyə həmsöhbətimiz bildirib.

O, təəssüflə qeyd edib ki, aqrar sektorun inkişafına ayrılan subsidiyalar ünvanına çatmır: “Bundan daha çox məmurlara yaxın şirkətlər faydalana bilir. Startapların vacibliyi dəfələrlə vurğulansa da, bu sahədə özünütənzimləmə mexanizmləri mövcud deyil. Halbuki, bütün dünyada startapçılar sahibkar sayılmırlar, onlara “girişimçi” deyilir. Əgər biz beynəlxalq təcrübəyə istinad ediriksə, startapçıları vergi yükündən azad etməli, onların azad rəqabət mühitində normal fəaliyyətini təmin etməliyik”.

Mehtiyev ictimai hesabatlığı təmin etmədən ciddi nəticələrdən danışmağı mənasız sayır: “Dövlət proqramları və strateji yol xəritələri qəbul olunur. Bunlar çox mütərəqqi addımlardır. Lakin qəbul edilən proqramların icra mexanizmi barədə cəmiyyətin heç bir məlumatı yoxdur. İctimai şuralar yaradılır və həmin şuraların üzvləri də heç bir iş görmürlər. Bəzən onlar məlumatsız və sahəyə yad insanlar olurlar. Bütün hallarda ictimaiyyətə hesabatlar təqdim olunmalıdır”.

“Məsələn, ölkədə nə qədər sahibkara subsidiyalar və güzəştli kreditlər ayrılıb? Onların neçə faizi iri, neçə faizi isə kiçik sahibkara ödənilib? Statistik göstəricilər bizə nə deyir və daha hansı edilməlidir? Bu barədə informasiya yoxdur və məxfilik ən yüksək həddədir. Nə qədər ki, belə davam edəcək, qeyri-neft sektorunu inkişaf etdirmək çətin olacaq”, – deyə mütəxəssis vurğulayıb.

İqtisadçı əmindir ki, Azərbaycanda dünya şöhrətli brend markaların istehsal müəssisələri yaradılmalıdır: “Bizim imkanımız var ki, ölkəmizdə dünya brendlərinin istehsal müəssisələrini yaradaq. Bu, çox mühüm addım olardı, lakin baş vermir. Görünür, kimlərsə bunun olmasında maraqlı deyillər”.

  •  (0)
  •  (1)