Qarabağda yaşayış məntəqələri 3 dəfə azaldılacaqbackend

Qarabağda yaşayış məntəqələri 3 dəfə azaldılacaq

Hazırda Şərqi Zəngəzur iqtisadi rayonunun əhalisinin əsas hissəsini (237,9 min nəfər və ya 78,6%) kənd əhalisi təşkil edir ki, bunlar da məcburi köçkünlərdən ibarətdir.

Hokm.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutun  baş direktoru professor Zakir Eminov bildirib.

Qeyd edək ki, Coğrafiya İnstitutun Elmi şurasında “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin 2024-cü il üçün elmi və elmi-təşkilatı fəaliyyəti haqqında hesabatı dinlənilib.

Hesabat zamanı Zakir Eminov qeyd edib ki, Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibinə 511 kənd yaşayış məntəqəsi daxildir və bu iqtisadi rayon respublika üzrə kəndlərin sayına görə son yerlərdən birini tutur. 1989-cu ildə əhalisinin sayı 100-500 nəfər olan kəndlər (287 kənd) sayına görə birinci yeri tuturdu və bu kəndlərdə 71,9 min nəfər əhali var idi. Z.Eminov bildirib ki, Böyük Qayıdış dövlət siyasəti işğaldan əvvəlki Qarabağda 936 yaşayış məntəqəsini gələcəkdə 316-a endirməyi nəzərdə tutur.

“Şərqi Zəngəzur iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri” adlı elmi tədqiqat işi aparmış Z.Eminov bildirib ki, XX əsrin 90-cı illərindən  başlanan demoqrafik azalmalar 2005-ci ilə qədər davam edib, 2005-2016-cı illərdə yenidən müşahidə edilən artım bu dövrdən sonra geriləyib. Bu gün üçün isə rayonun əhali artımı çox aşağı səviyyədədir.

Hazırda Şərqi Zəngəzurda qeydiyyatda olan və əhalinin böyük əksəriyyətini təşkil edən  sakinlər məcburi köçkün şəraitində yaşayır. Onların mərhələli şəkildə doğma yerlərinə qaytarılması prosesi gedir. 2023-cü ildə ümumi, şəhər və kənd əhalisi üzrə doğum və təbii artım əmsalları ölkə üzrə orta göstəricilərdən yuxarıdır.

“Təbii-coğrafi şəraitin ərazinin mənimsənilməsi üçün əlverişliliyi, təbii ehtiyat potensialı, insan resursları ilə təminat imkanları, sosial-iqtisadi və səmərəlilik amilləri, ölkənin milli-strateji maraqları nəzərə alınmaqla, inzibati rayonlarda “şəhər–kənd” funksional əlaqələrinə əsaslanan yeni məskunlaşma sisteminin planlaşdırılaraq həyata keçirilməsinə ehtiyac vardır”, – Z.Eminov deyib.

  •  (0)
  •  (0)