Qarabağda hər kəs topraq icarəyə götürə biləcəkbackend

Qarabağda hər kəs topraq icarəyə götürə biləcək

“Azad edilmiş ərazilərdə mina təmizləmə işlər gündən-günə sürətlənir. Statistik məlumatlara görə, artıq 600 min hektardan artıq torpaq sahəsi əkin dövriyyəsinə qatılmağa hazırdır. Son illərdə yüz min hektarlarla ərazidə buğda, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları yetişdirilib”.

Bu barədə  Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi kənd təsərrüfatı məhsullarının artımı baxımından çox vacibdir:

“Çünki sovetlər dövründə həmin ərazilər ölkə kənd təsərrüfatı ümumi məhsulunun 10-12%-ni ödəyirdi. Əgər mina təmizləmə davam edərsə, həmin torpaqlar əkin dövriyəsinə daxil olarsa, göstərici daha yüksək ola bilər. O torpaqlar münbitdir, orada pambıqçılıq, taxılçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün böyük üçün potensial var. Son illərdə Kəlbəcərə mal-qaranın qaldırılması, arı ailələrinin saxlanması və digər ərazilərdə əkinlərin aparılması göstərir ki, bu torpaqlar gələcəkdə böyük fayda verəcək.

Torpaq icarəsi haqqında qanun var, burada göstərilir ki, istənilən şəxs torpaqları icarəyə götürə bilər. Əgər şəxs sahibkardırsa, imkanı varsa niyə də götürməsin? Sahibkar istənilən yerdən torpaq icarəyə götürüb təsərrüfatla məşğul ola bilər. Hətta xarici ölkə vətəndaşlarına belə torpaq icarəyə götürməyə icazə verilir. Bunu kim başa düşmədən deyirsə ki, niyə Bakıda yaşayan insan Qarabağda torpaq götürür, bu qanunu bilməməzlikdir. Hər bir ölkə vətəndaşının hüququ var ki, istədiyi yerdən torpaq icarəyə götürüb biznesini qursun. Ona görə də həmin ərazilərdə də təhlükəsizlik təmin olunduqca torpaq icarəyə götürə bilər”-T.Rzayev bildirib.

Müsahibimiz qeyd edib ki, həmin ərazilərdə kiçik və orta sahibkarlar indi də faəliyyət göstərirlər:

“600 min hektar torpağın əkin üçün hazır olduğunu qeyd etdim. 100 min hektar ərazidə əkin aparılıb. Bunları əlbəttə ki, sakinlər edib. Bu gün xeyli insan tanıyıram ki, Qarabağda təsərrüfatla məşğul ola bilmək üçün ərazilərin minadan təmizlənməsini gözləyir. O yerlərin təsərrüfatı inkişaf etdirilməsi üçün böyük potensialı var. Amma hər şeydən əvvəl orada təhlükəsizlik tam təmin olunmalıdır. Ermənilər bulaq başına da, qəbir daşlarına da mina basdırıblar. Təhlükəsizlik təmin olunduqdan sonra insanlar sözsüz ki, təsərrüfatla məşğul olmaq üçün oraya axın edəcəklər. Orada müasir texnologiyalardan istifadə edilməlidir, bu gün köhnə üsullarla işləmək mümkün deyil.  Ona görə də mütləq insanlar oraya gedəcək”.

Xatırladaq ki, Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”nı təsdiq edib.

Fərmana əsasən, Nazirlər Kabineti “Torpaq icarəsi haqqında” qanuna uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydalarını və tətbiq ediləcək güzəştin həcmini 3 ay müddətində təsdiq edib Prezidenti məlumat verməli, həmin ərazilərdə əhalinin məskunlaşdığı kənd və qəsəbə sakinlərinin kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürmək məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə müraciət edə bilmələri üçün onların təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin edilməsi ilə bağlı tədbirlər görməli, yenilənmiş qanundan və fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

  •  (1)
  •  (0)