Müharibədən sonra Rusiya sülhməramlıları tərəfindən Xankəndinə qaytarılan ermənilər qorxu ilə yaşayır.
Hokm.az xəbər verir ki, Xankəndinə qayıdan erməni qadın Anaida Ayrapetyan əhval-ruhiyyənin çox mənfi olduğunu deyir:
“Müharibədən sonra Stepanakertə (Xankəndi) qayıdanda həyat donmuşdu, yalnız dekabrın 1-də işə çağırılanda bir qədər canlanma oldu. Lakin insanların ümumiyyətlə əhval-ruhiyyəsi yoxdur, üstəlik hələ də qorxu ilə yaşayırıq. Küçələrdə çox az insan var, axşam 9-dan sonra nəqliyyat işləmir, qaranlıq düşən kimi hər kəs evə gedir”, – deyir.
Erməni qadın qeyd edir ki, müharibədən sonra həm Ermənistanda, həm də Qarabağda yaşamaq çox bahalaşdı: “Qiymətlər dəhşətlidir. Əvvəllər 550 dram olan yağ indi 1020-1100 dramdır. Evsizlər çoxdur. Bələdiyyənin qarşısında yardım almaq istəyənlərin növbəsi çox dəhşətlidir. Nəqliyyat işləyir, lakin əvvəlki marşrutlar dəyişib”.
A.Ayrapetyan Azərbaycan əsgərlərinin Xankəndidə supermarketlərə gəldiyi haqda söhbətlərin olduğunu deyir: “Rastlaşmamışam, lakin bu haqda danışırlar”.
O, müharibədən sonra geri qayıdan ermənilərin qeyri-müəyyən əhvalda olduğunu qeyd edir.
“İnsanlar heç nə etmək istəmirlər, hətta işləmək belə istəmirlər. Qeyri-müəyyənlik var. İnsanlar ümidsiz haldadır. Əvvəllər kəndlərdə yaşayanlar torpaqda işləmək istəyirlər, amma işləmələri üçün torpaq varmı?! Müharibə bitib, lakin yenidən başlaması haqda söz-söhbətlər gəzir. Hətta müxtəlif tarixlər haqda da danışırlar: ayın 12-si, yaxud 16-sı və s. Vəziyyət qeyri-müəyyəndir”, – o bildirir.
A.Ayrapetyanın sözləri Qarabağa qaytarılan ermənilərin burada yaşamaq istəmədiklərini təsdiqləyir. Onlar üçün həyat perspektivi yalnız Azərbaycan vətəndaşlığı altında yaşamaqdır, təbii ki, seçim özlərinindir: ya Azərbaycan vətəndaşı olaraq yaxşı şəraitdə yaşayacaq, ya da Ermənistana gedəcəklər.publika.az